Partiya rəsmisi referendum anonsunu verdi
77 deputatın tələbi ilə 2022-ci il iyunun 1-dən Milli Məclisinin növbədənkənar sessiyası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu barədə spiker Sahibə Qafarova sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, növbədənkənar sessiyanın gündəliyinə daxil edilmiş məsələlər bitdikdən sonra Milli Məclisin növbədənkənar sessiyası işini bitirmiş hesab edilir. Burda bir sual doğurur, görəsən hansı vacib məsələlərə görə 77 deputatın tələbi ilə növbədənkənar sessiya təyin olunub? Bu sualı Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevə verdik.
Onun sözərinə görə, bu növbədənkənar sessiyada referendumun keçirilməsi məsələsi təklif olunacaq:
“Çox böyük ehtimalla referendumun keçirilməsi məsələsi müzakirə olunacaq. Artıq bir ildən çoxdur ki, referendumun keçirilməsi məsələsi cəmiyyətdə müzakirə olunur. Vətən müharibəsindən sonra yeni siyasi-iqtisadi situasiyanın yaranması, o cümlədən, yerli icra hakimiyyətlərinin ləğv olunması, onların Prezidentin sərəncamı əsasında yaradılmış 14 iqtisadi zona ilə əvəzlənməsi də mümkündür. Referendumda böyük şəhərlərdə Mer seçkilərin keçirilməsi, bələdiyyələrin yerli idarəçilikdə rolunun artırılması və inzibati qurumların səlahiyyətlərinin bir hissəsinin seçkili qurumlara qaytarılması variantı da xalqın müzakirəsinə çıxarıla bilər”.
Nizami Verdiyevin sözlrinə görə, referendum müzakirəsində Milli Məclisin tərkibi genişlənəcək:
“Yaqin ki, deputatların sayına baxılacaq. 50-75 yeni deputat yeri əlavə olunacaq. Həmçinin deputat seçkilərinin proporsional və majoritar qayda üzrə keçirilməsi, Nazirlər Kabinetinin ləğv edilməsi və onun bütün səlahiyyətlərinin vitse-prezident institutuna həvalə edilməsi məsələləridə çıxa bilər”.