Partiya lideri səhiyyə nazirə işləyə bilmirsən istefa ver dedi
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev öz şəxsi YouTube kanalında Səhiyyədə olan problemlədən danışdı.
"Yaşadığımız ölkədə marketlərdə qiymət artımını hər gün müşahidə edirik, üstəgəl, yığılmış sosial problemlər dərinləşir. Son vaxtlar isə, əlilliklə bağlı komissiyadan keçməli olan vətəndaşlardan şikayətlər çoxalıb. Məsələlər həl olunmur, əksinə, üstünə yeni problemlər də əlavə olundu. Təəssüf ki, 44 günlük qələbəmizdən sonra qazilər xoşagəlməz problemlərlə üzləşdilər. Bəziləri həll olunsa da, problemlər tam aradan qaldırılmayıb. Yüzlərlə qazi mənə ünvanladığı şikayatlərdə qeyd edirlər ki, əlillik qrupu almaq üçün onları get-gələ salırlar. Əlilliyi sübut etmək üçün saatlarla növbədə dururlar. Əlillik qrupu almaq üçün qazilərin rastlaşdığı problemlərlə, digər xəstələr üzləşir. Səhiyyə Nazirliyinin tabeçiliyində olan bir neçə Sağlamlıq Mərkəzlərin fəaliyyəti dayandırılıb. Misal üçün, əvvələr komissiya həm Montin qəsəbəsində yerləşən Psixi Sağlamlıq Mərkəzində, həm də 2 saylı Psixiatrik Klinik Xəstəxanasında fəaliyyət göstərirdi. İndi isə Psixi Sağlamlıq Mərkəzində komissiyanı ləğv ediblər və bu problemə görə müraciət edənlərin hamısına 2 saylı Psixiatrik Klinik Xəstəxanaya göndərirlər. İndi təsəvür edin ki, orda sıxlıq yaranır, və xəstələr 3-5 saat növbədə dururlər. Xəstə insanların durumu hansı vəziyyətdə olması hamıya məlumdur. Mən Səhiyyə Nazirinə sual verirəm: Qazilərimiz bu vətən uğrunda sağlamlıqlarını ona görə itiriblər ki, gedib hansısa bir qapıda sadəcə növbə almaq üçün saatlarla gözləsinlər?
“Təqaüdü kəsilən vətəndaşlar xəstəxanalara gedir onlara deyilir ki nazirlikdən tapşırıblar heç kimə sənəd verməyin, mənim öz başıma gəlib, özümə həkim deyib” – bunu bir vətəndaş Mais Hüseyn yazıb. Və Mais Hüseyn kimi şikayətçilər minlərlədi.
Şikayətçilərin sözlərinə görə, Səhiyyə Nazirliyin bir rəsmisi, bu komissiyalarda işləyən həkimlərin savadına və sağlamlıq durumlarını şübhə altına alıb. İndi təsəvür edirsiz, Səhiyyə Nazirliyinin həkimlərə olan münasibətini. Hesab edirəm ki, bu həkimlərə qarşı olan aşağılayıcı münasibətdir. Şikayətçilər onu da qeyd edirlər ki, artıq otaq və işçi ayrılsın təklifinə 2 saylı Psixiatrik Klinik Xəstəxanasında baş həkim nə otağımız, nə də işçimiz var, deyə cavab verib. Budur ölkədə vətəndaşa, sağlamlıq problemi olan insanlara və ən əsası qazilərə qoyulan hörmət və göstərilən xidmət? Deyirsiz həkimlər yoxdur? Hər il Azərbaycan Tibb Universiteti bitirən minlərlə həkim var. Buna baxmayaraq savadlı və kifayət qədər təcrübəli həkimlər dövlət xəstəxanalarda iş tapa bilmirlər və məcburdular özəl klinikalarda işləsinlər. Mən səhiyyə naziri Teymur Musayevə müraciət edirəm. Prezident İlham Əliyev ona görə sizi bu vəzifəyə təyin edib ki, siz problemləri həll edəsiz. Problemləri həll etmək üçün təkliflərinizi verəsiz. Əgər bunu da bacarmısızsa, o zaman istefa verin".