Partiya lideri: Ümid edirəm ki, bu münasibət daha da dərinləşəcək və müxalifət dövlət idarəetməsində iştrak edəcək
İyunun 15-də Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı tədbirə ölkə müxalifətini dəvətlidir. “Bunu necə dəyərləndirirsiniz?”- sualına Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qazetinə belə cavab verib.
“İyunun 15 Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı Şuşa şəhərində tədbir keçiriləcək. Bu tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərin iştirakı nəzərdə tutulub. Azərbaycan və Türkiyə üçün bu Bəyannamə çox vacib bir sənəddir. Şuşa bəyannaməsinin mahiyyəti hərbi, siyasi, iqtisadi, mədəni sahələr üzrə, faktiki olaraq, dərinləşmiş Türkiyə-Azərbaycan münasibətlərinin sənəd halına salınmasıdır. Bəyannamənin bir illiyi ilə bağlı keçiriləcək tədbirə müxalifətin dəvət alınması çox müsbət bir haldır. Bu dəvəti yaranmış iqtidar-müxalifət münasibətlərin bir addım irələyiş kimi qiymətləndirmək olar. Vacib olan və davam edən iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitədir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara dövlət tərəfindən ayrılan diqqət artır. Ümid edirəm ki, bu münasibət daha da dərinləşəcək və müxalifət dövlət idarəetməsində iştrak edəcək”.