Misirdə prezidentlik arzusunda olan sabiq qərargah rəisi azadlığa buraxıldı

Misir ordusunun Baş qərargahının 2018-ci ildə saxlanılan sabiq rəisi Sami Anan azadlığa buraxılıb.

Bu barədə Misirin “Youm7” nəşri hərbçinin ailəsinin təmsilçisinə istinadən xəbər verir.

Nəşr bildirir ki, hazırda Anan ailəsinin yanındadır.

Xatırladaq ki, Misir Baş Qərargahının sabiq rəhbəri Sami Anan bir il əvvəl prezident postuna namizədliyini irəli sürmək niyyətini açıqladıqdan bir neçə gün sonra saxlanılmışdı.

Həmin ərəfədə hərbi prokurorluq bildirmişdi ki, hərbi qulluqçunun statusu onu namizədliyini irəli sürmək və seçkilərdə iştirak etmək imkanından məhrum edir.

Qeyd edək ki, Sami Anan Fransa və Misir hərbi universitetlərinin məzunudur. O, 2012-ci ildə HHM qoşunlarına rəhbərlik edib, 2005-ci ildə isə eks-prezident Hüsni Mübarək onu Baş Qərargah rəisi təyin edib. O, 2012-ci ildə Prezident Məhəmməd Mursi tərəfindən bu vəzifədən azad edilərək dövlət başçısının müşaviri təyin edilmişdi.

Xatırladaq ki, Misirdə prezident seçkiləri 2018-ci ilin martında keçirilib. Seçkidə qələbəni hazırkı prezident Abdel Fəttah əl-Sisi qazanmışdı.

 

0.93302392959595