ALDP sədri: İqtidar-müxalifət normal münasibətləri bir çox ölkələrdə görürük
Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı Şuşada keçirilən beynəlxalq tədbirə müxalifətin dəvət alınması çox müsbət bir haldır. Bu, Azərbaycanda partiyalararası dialoq mühitinin inkişafı və siyasi partiyaların cəmiyyətdəki rolunun artırılması baxımından əhəmiyyətlidir.
Bunu "Xalq Cəbhəsi"nə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədri qeyd edib ki, tədbirdə Azərbaycan və Türkiyə siyasi rəsmilərinin iştirakı dövlət protokoluna uyğun keçirilib. Şuşa Bəyannaməsi təkcə bizim dövlət maraqlarına deyil, ümumiyyətlə, türk dünyasının milli maraqlar, regionun maraqlarını əhatə etdiyinə görə bu tədbirdə müxalifətin iştrakı təbiidir:
"Hesab edirəm ki, hər birimiz dövlətin milli maraqlarını qorumalıyıq, Azərbaycanın milli maraqları ilə bağlı keçirilən bütün tədbirlərdə müxalifətin iştrakı lazımdır. Tədbirdə aparılan müzakirələr, çıxışçıların verdiyi mesajlar regionda sabitliyi pozmaq istəyən qüvvələrə bir mesaj idi. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın yanında yer aldığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bundan sonra kimlərsə Azərbaycanın dövlət suverenliyini təhdid etmək istəsələr, o zaman, yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar".
Fuad Əliyev deyib ki, üç il bundan qabaq başlanan iqtidar-müxalifət dialoqun nəticəsində partiyalara yüksək münasibətlər göstərilir:
"Şuşa Bəyannaməsinin bir illiyinə həsr olunmuş tədbirə müxalifət partiyaların dəvət olunması, yeni siyasi konfiqurasiyanın formalaşması baxımdan, çox önəmlidir.
Hakimiyyət partiyası ilə rəsmi və qeyri-rəsmi söhbətlərdə, müxalifətə “düşmən” gözü ilə baxılmırdı. ALDP sədri kimi bunu müsbət qiymətləndirirəm. Hesab edirəm ki, dövlətin milli maraqları harada varsa həmin tədbirlərdə müxalifətin iştrakı təmin olunmalıdır.
İqtidar-müxalifət normal münasibətləri bir çox ölkələrdə görürük. Hakim partiyalar müxalifət nümayəndələrlə koalision hökümət qururlar, dövlət əhəmiyyətli məsələlərdə məsləhətləşmələr aparıllar. İştrak etdiyimiz tədbirdədə bunun bir nümünəsini gördük. Türkiyə hakim AK partiyası ilə yanaşı Milliyətçi Hərakat Partiyasının (MHP) nümayəndələri də iştrak ediblər. Belə partiyalarla əməkdaşlığımızı genişləndirmək iki ölkə arasında qardaşlığımızın möhkəmlənməsinə təkan verəcək".