Payızda ölkə konstitusiyasına mühüm dəyişikliklər üçün səsvermə keçiriləcək?

Azərbaycanda bu ilin payızında referendum ola biləcəyi haqda müzakirələr səngimir. Pressklub.az-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, payızda (çox güman, oktyabrda) ölkə konstitusiyasına mühüm dəyişiklər üçün səsvermə keçiriləcək.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri (STM) Zahid Oruc da ötən həftə yerli mediaya referendumun zəruri olması barədə açıqlama vermişdi: “Düşünürəm ki, ümumxalq səsverməsi Azərbaycanın müstəqillik tarixində bir neçə dəfə olmasına baxmayaraq, cəmiyyət həyatındakı dinamikanı, dövlət və vətəndaş münasibətlərindəki dəyişiklikləri, xüsusilə də artıq Vətən müharibəsindəki qələbəmizi, ölkənin həm siyasi idarəetmə, həm inzibati xarakterli məsələlərdə meydana çıxan çağırışları özündə ehtiva edir. Bu anlamda, bunların hamısını hüquqi müddəalara köçürərək, ölkənin ali qanununda nəzərə almaq mühüm bir məsələ kimi qarşıya çıxır”.

Müstəqillik tarixi referendumla zəngindir və 2000-ci ildən sonra hakimiyyət ehtiyac duyduğu üçün konstitusiyaya 3 dəfə dəyişiklik edib. Payızda gözlənilən səsvermə isə təkcə iqtidarın təməl ehtiyacları, siyasi manevrləri üçün deyil, həm də 44 günlük müharibənin, o cümlədən Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən geosiyasi dəyişikliklərin ortaya çıxardığı yeni reallıqlarla əlaqəli ola bilər.  

Gözlənilən konstitusiya dəyişikliklərində bu çərçivədə hansı yeniliklər ola bilər?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deputatın fikirlərini belə şərh etdi: 

STM rəhbəri Zahid Oruc son vaxtlar maraqlı fikirlərlə yadda qalır. Hər dəfə bir neçə məsələnin anonsunu verməklə, ictimai müzakirələrə start verib. Hesab edirəm ki, referendumun anonsunu verib. Uzun illərdi cəmiyyətdə gedən referendumla bağlı  müzakirələr, artıq hakimiyyət daxilində müzakirələrə gətirib çıxarıb. Hörmətli Zahid Oruc əgər referendum məsələsini qabardırsa, deməli, bununla bağlı hakimiyyətin qərarı var.  Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlər çoxdur. Xüsusilə, Vətən müharibəsindən sonra ərazi-inzibati quruluşun dəyişdirilməsi kimi məsələfə referenduma çıxarılacaq məsələlərdən biri olacaq.

Ümumiyyətlə, bir çox məsələlərə aydınlıq gətirilməlidir. İcra hakimiyyəti sistemində olan ziddiyyət - Nazirlər Kabineti ilə vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması məsələsi. Mənim fikrimcə, Nazirlər Kabineti ləğv olunmalıdır və onların səlahiyyətləri vitse-prezidentlik institutuna verilməlidir. Şəhər və rayon icra hakimiyyət strukturları ləğv olunmalıdır. Biz təklif vermişik ki, yeddi, ərazi-inzibati nümayəndəliyi olsun. Ola bilsin ki, payız sessiysında bir neçə məsələ müzakirəyə çıxarılsın, o cümlədən, proporsional seçki sistemin bərpası, deputatların sayının artması və yuxarıda qeyd etdiyim məsələlər. Milli Məclis müzakirələrdən sonra referenduma getmək haqda qərar versin. Hörmətli Zahid Orucun proporsional seçki sisteminin bərpası ilə bağlı - “Lakin bunun kənarında bu seçki üsulunun özünə görə üstünlükləri və əskikləri var”- fikiri ilə razılaşmıram. Eyni sözləri mojaritar sistemə aid etmək olar. Amma mojoritar sistemində əskiklər daha çoxdur. Mənim fikrimcə, proporsional seçki sistemi ölkənin siyasi sistemi üçün daha çox önəmlidir. Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlərdən biri də proporsional seçki sisteminin bərpası olmalıdır. Əhalinin sayı on milyondan çoxdur. Ona görə hesab edirəm ki, deputatların sayı da artırılmalıdır.

0.086604118347168