Partiya lideri: Erməni cəmiyyəti minlərlə yeni itkilərə hazırdırmı?
Bildiyimiz kimi, Ermənistan öz təxribatlarını davam etdirir və davamlı olaraq Kəlbəcərdəki mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulur. Hətta, erməni mətbuatında tez-tez müharibə anonsu verilir. Bəs, düşmən tərəf bununla nəyə çalışır?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bəzi erməni siyasətçilərinin müharibə anonsları daxili auditoriyanı sakitləşdirməyə hesablanıb. Partiya sədri qeyd edib ki, ermənilərin yüz illərlə yaratdığı "Dənizdən-dənizə böyük Ermənistan" ideologiyası, 44 günlük Vətən müharibəsində darmadağın olub:
“Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edərək, ermənilərə böyük itkilərlə bərabər həm də psixoloji sarsıntılar yaşatdılar. Bu gün də Ermənistan və onun havadarları olan bəzi ölkələr məğlubiyyət şokundadırlar. İndi də bu müharibə ritorikaları, bəyanatları psixoloji sarsıntıların yumşalmasına hesablanıb. Bu adamlara sual vermək lazımdır: erməni cəmiyyəti minlərlə yeni itkilərə hazırdırmı? Məncə yox. Azərbaycan 9 noyabrda imzaladığı Bəyannamə ilə bir daha sülhün tərəfdarı olduğunu göstərdi. Azərbaycan işğaldan azad olunan bölgələrdə bərpa işləri aparır, yeni kənd və şəhərlər yaradır. Bərpa işləri görərək, səbrlə bu Bəyannamənin maddələrin həyata keçməsini gözləyir”.
Fuad Əliyev hesab edir ki, bu dəfə bu səbr uzunmüddətli olmayacaq:
“Ermənilər sülh istəyirlərsə, sülh olacaq, yox əgər bizimlə müharibə ritorikası ilə danışacaqlarsa, onda müharibə qaçılmaz olacaq. İnanmıram ki, 44 günlük acı məğlubiyyətdən sonra ermənilər bir daha Azərbaycanla müharibə aparmağı düşünsün. Dünya 44 gündə Azərbaycan Ordusunun gücünü, xalqın iradəsini, mübarizliyini gördü. Ermənistan bölgədə rahat, firavan yaşamaq istəyirsə, Azərbaycanla münasibətlərini normallaşdırmalıdlr. Ermənistan xilas yolunu Avropada yox, qonşularından axtarmalıdır. Açıq deyə bilərəm ki, bu gün Ermənistan bütün sahələrdə Azərbaycandan asılıdır”.