ALDP sədri: Ərzaqların qiyməti əməkhaqları ilə müqayisədə 100 faiz çoxdur

Qiymət artımı və əhalinin sosial-məişət həyatının yaxşılışdırması ilə bağlı Xəbər-PS-a Azərbaycan Liberal Demokrat (ALDP) sədri Fuad Əliyev açıqlama verib.

ALDP sədri bildirib ki, son vaxtlar benzinin qiymətinin artması sözsüz ki, qiymət artımına təsir edir. Onun fikrincə, problem tək benzinin qiymətinin qalxmasında deyil:

“İnsanlarımız gündəlik aldıqları ərzaqların qiymətinin qalxmasını hər gün müşahidə edirlər. Əgər ayın əvvəlində bir məhsulun qiyməti tutaq ki, 2 manat olursa, ayın axırına qədər az qala 30 faiz qalxmış olur. Ən pisi odur ki, belə hallara qarşı heç bir reaksiya verilmir. Hesab edirəm ki, bu cür qiymət artımı sünidir”- Fuad Əliyev bildirib.

ALDP sədri hesab edir ki, qiymət artımı həm də Azərbaycan daxilində fəaliyyət göstərən iş adamları üçün çoxlu problemlərin olması ilə bağlıdır:

“Bir tərəfdən vergilər, gömrük rüsumu çoxdur, yaxud da kəndli öz təsərrüfatından əldə etdiyi məhsulu bazara çıxara bilmir. Çünki o, yollarda qanunsuz yoxlanışlara məruz qalır, ondan qanunsuz pullar - rüşvət tələb edirlər. Kəndli də özünün yetişdirdiyi məhsulu aparıb zavadlora vermir. Azərbaycan şirkətləri, iş adamları da məcbur olub xammalı xaricdən gətirirlər. Gətiriləndə də yolda vergilərlə, rüşvətlə rastlaşırlar. Və beləliklə də bazarda qiymət qalxır”.

Fuad Əliyev təklif edir ki, Nazirlər Kabineti Azərbaycan iş adamları üçün geniş imkanlar yaratmalıdır. Belə ki, kiçik və orta sahibkarlar vergidən azad olunmalıdır. Gömrükdə ümumi bir rüsum qoyulmalıdır ki, şirkətlər vergini ödəyə bilsinlər.

Partiya sədri bu gün iş adamlarına qoyulan rüsumun kəllə-çarxa çıxdığını qeyd edib. Bildirib ki, Azərbaycanda bizim gömrükdə gətirilən 300 dollarlıq mala 60 faiz rüsum qoyulub:

“Qonşu Gürcüstanda neft, qaz yoxdur, istehsal yoxdur. Tək turizm və tranzit yoldan gələn gəlirlərlə milyonlar qazanırlar. Amma ordakı qiymətlərə baxın. Ən azı misal çəkə bilərərm ki, avtomobil satışı ilə məşğul olan insanlar 500 manat rüsum verirlər və maşını rahat şəkildə də gətirirlər. Tutaq ki, həmin maşını xaricdən 2000 dollara alırsa, bizdə rüsum olur 5 min dollar. Ona görə də maşının qiyməti olur 8000 dollara. Təbii ki, satan adam da bir xeyir qazanmalıdır və maşın 10 min dollara gəlib çıxır. Bu rüsum, rüşvət hamısı zəncirvari şəkildə qiymətlərin artımına, əhali arasında narazılığa səbəb olur. Məsələn, xaricə, elə Türkiyəyə səfər edənlər bir çox hallarda gedib Gürcüstanın hava yollarından istifadə edirlər. Orda təyyarə qiymətləri daha ucuzdur. Məsələn, mən özüm Amerikaya səfər edəndə heç vaxt AZALla uçmamışam. Amma normal qiymətlər olsaydı, biz o şirkətin xidmətindən istifadə edərdik. Bir neçə dəfə Rusiyaya gedəndə AZALla getmişəm. Etiraf edim ki, AZALın yüksək səviyyədə servisi var. Amma Avropaya, Amerikaya getmək üçün qiymətlər çox bahadır. Ona görə də insanlarımız gedib Tiflisdən uçurlar. Görünən odur ki, qiymətlər Turizmdə də bahadır.

Eyni zamanda qiymət artırsa, əməkhaqları da artmalıdır. Düzdür, əməkhaqları, təqaüdlər ildə iki dəfə qaldırılır. Amma ərzaqların qiyməti əməkhaqları ilə müqayisədə 100 faiz çoxdur”.

0.10609698295593