Nizami Verdiyev: Soydaşlarımız ayağa qalxarlarsa İran bir həftəyə çökə bilər
“İran Cənubi Qafqazda Azərbaycanla bağlı siyasətində korrektələr etməlidir. İranın Qafana konsul təyin etməsi çox ciddi səhvdir. Rəsmi Tehran bununla Azərbaycanı hədələyir. Hesab edirəm ki, Azərbaycanla hədə dilində danışmaq indi mümkün deyil. Buna cəhd edən və istəkdə olan qüvvə məğlub olacaq”
Bunu Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev son vaxtlarda İranın Azərbaycana yönəlik çirkin siyasətinə münasibətində bildirib.
O, qeyd edib ki, İran mürtəce siyasəti ilə dünyanı özünə düşmən edib:
“Bu gün İranın Ermənistandan başqa dostu və müttəfiqi yoxdur. Hər iki ölkə eyni məqsədə xidmət edir. Demokratiya, insan haqları, insan amili bunlar üçün arxa plandadır. Bu gün İranda 40 milyona yaxın türkün hüquqları pozulur, azadlıqları əllərindən alınıb. Erməınistanda isə bir türk belə yaşamır. Ölkənin qapıları türklərin üzünə bağlıdır. İran dünyada terror təşkilatlarını dəstəkləyən, maliyyələşdirən bir ölkədir, Ermənistan da terror siyasətini həyata keçirən ölkədir. Özünü islam ölkəsi adlandıran İran Ermənistan tərəfindən minlərlə azərbaycanlının qətliamına göz yumdu. Məscidlərimiz dağıdıldı, təhqir edildi, viranə qoyuldu, İran susdu. Səbəblər aydındır – İran heç vaxt İslam dövləti olmayıb, İslam bayrağı altında oyunlar oynayır. Gah Suriyada, gah İraqda, gah Fələstində görünür, gizlin işlər aparır. Bu ölkə heç vaxt sülhpərvər bir missiyada olmayıb. İşğalçıya dəstək verən, ona dayaq duran, onu müsəlmanların qətliamına ruhlandıran İran bir gün Allahın qəzəbinə gələcək”.
Nizami Verdiyev onu da vurğulayıb ki, İranın bölgədə və eyni zamanda Yaxın və Orta Şərqdə heç bir nüfuz və gücü yoxdur:
“Özü-özünə təskinlik verən bir ölkədir. İran Azərbaycanın hesabına ayaq üstədir. Soydaşlarımız ayağa qalxarlarsa İran bir həftəyə çökə bilər. İran başqa ölkələri hədələməkdənsə, işğalçıya dəstək verməkdənsə vaxtını daxili problemlərinin həllinə sərf etsin”.