Fuad Əliyev: Rəsmi mövqedə “dəhliz” ifadəsi olmadığı üçün Azərbaycanın yeni yola bu statusu verməyəcəyini gözləyirəm
Xankəndidən Ermənistana gedən yeni yolla bağlı müzakirələr başlanıb. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılmasından sonra bu mövzu daha da aktuallaşıb. Xüsusən də ən çox erməni mənbələri müxtəlif versiyaları tirajlayırlar. Əsas müzakirə məsələsi yeni yola “dəhliz” statusunun verilib-verilməməsidir. Erməni mediası iddia edir ki, Azərbaycan yeni yola “dəhliz” statusunun verilməsindən öncə üçtərəfli razılaşmada erməni qoşunlarının Qarabağdan çıxarılmasının icra edilməsini, həmçinin separatçıların qondarma “müdafiə ordusu”nun tamamilə ləğv edilməsini tələb edir. Erməni mənbələri qeyd edirlər ki, əgər bu tələblər yerinə yetirilsə, yeni yolun “dəhliz” statusu daşıması müzakirə edilə bilər.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə qarşıdakı bir həftədə yeni yolun hansı status daşıyacağının dəqiqləşəcəyini düşür:
“Azərbaycan rəsmi elan etdi ki, sentyabrın əvvəli yoldan istifadə mümkün olacaq. Amma açıqlamada ”dəhliz" ifadəsinə yer verilmədi. Zənnimcə, yeni yolun dəhliz statusu daşımasına ehtiyac da yoxdur. Ermənilər təşəkkür etməlidir ki, onlara Ermənistana gediş-gəliş üçün yol çəkmişik. Əslində niyə gedib-gəlməlidirlər ki? Nə vaxt diplomatik əlaqələr qurular, viza ilə səfər edə bilərlər. İndiki halda onlar Azərbaycan ərazisində yaşayan, dövlətə tabe olmayan, yolunu azmış adamlardır. Sadəcə, geosiyasi reallıqları nəzərə alaraq onlara nəfəslik vermişik. Açığı, rəsmi mövqedə “dəhliz” ifadəsi olmadığı üçün Azərbaycanın yeni yola bu statusu verməyəcəyini gözləyirəm. Üstəgəl, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etdi ki, sentyabra qədər Qarabağda erməni hərbçi olmayacaq. Biz bu məsələni gələn ay tam həll etməliyik, nə Ermənistan ordusunda xidmət çəkən, nə qondarma rejimin silahlısı bölgədə qala bilər. Hər halda, sentyabrda yeni qaynar proseslər gözlənilir. Fikrimcə, növbəti mərhələdə Xocalı, Ağdərə, Sərsəng su anbarı tam nəzarətimizə keçəcək. Ardınca bütün Qarabağda suverenliyimiz təmin olunacaq".