Partiya lideri: Çox təəssüf ki, Xameneyinin rəsmi nümayəndəsi belə fikirlər səsləndirir
İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Ərdəbildəki nümayəndəsi və imam cüməsi Seyid Həsən Amili yenə Azərbaycanı hədəf alan açıqlamalarla diqqət çəkib. “Yeni Müsavat”ın verdiyi məlumata görə, bu dəfə məsciddəki çıxışında “Azərbaycanda bir neçə siyasətçini və qəzeti satın ala bilərsiniz, amma buna əmin olun ki, o diyarın Əli şiələrı alınıb-satıla bilən deyil”, - deyə bəyan edib.
O, “Azərbaycanın dəyərli xalqından soruşmaq istəyirəm ki, ölkənizdəki anti-İran kampaniyasının kimin əli ilə idarə olunduğu haqda düşünürsünüz?”, - deyə sual da edib. “Heç düşünmüsünüz ki, onların bu kampaniyanı aparmaqda məqsədi nədir və heç düşünmüsünüzmü, niyə dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir?”, - deyə Amili vurğulayıb və ölkəsinin bizə qarşı ermənipərəst siyasətinə görə ayıbına kor olmaq əvəzinə, utanmazcasına bizi nankorluqda ittiham edib.
Bütün bu ittihamlardan sonra 360 dərəcə dəyişən Amili “Allahdan arzum budur ki, işğal olunmuş bütün əraziləri tez bir zamanda Azərbaycana qaytarılsın” deyib, bu mövqeni isə ekspertlər səmimi hesab etmirlər. Maraqlıdır, Ərdəbil mollasını, Amilini Azərbaycan siyasətçiləri və mediası nə üçün belə narahat edir? Həm siyasiləri, həm mətbuatı hədəfə almaqda məqsəd və pərdəarxası niyyət nədən ibarətdir? İran bizə hansı yaxşılığı edib ki, onun “qarşılığını görmədiyi üçün” “dünyanın hər bir yerində, Azərbaycandan başqa, yaxşılığın cavabı yaxşılıqla verilir”, - deyə ölkəmizi ittiham edir?
Bu üzrü günahından betər olan açıqlamalarla Amili Bakının hansı addımlarından narahatdır? Tehrana “beş barmağımızın beşini də bal edirik”, yenə bizdən narazı qalırlar. Halbuki bizim haqqımız çatır ki, onları qınayaq - Amilinin liderinin “İran-Ermənistan arasında minilliklərlə yol” deməsinə görə... Zəngəzur dəhlizinin açılmasına qarşı olan, Ermənistana silah daşınmasına şərait yaradan, Qafana konsul təyin edən İran hələ də bu siyasətindən əl çəkmir, üstəlik, bizi günahkar çıxarırlar. Ümumiyyətlə, Amili tez-tez daban-dabana zidd, öz-özünü təkzib edən çıxışlar edir. Gah Qarabağda döyüşməyə hazır olduğunu bildirir, gah əleyhimizə fikirlər səsləndirir. Hərçənd, Aşqabadda prezidentlərin görüşü oldu, ümid etdik ki, Bakı-Tehran əlaqələri axarına düşəcək, amma yenə vaxtaşırı Amili kimilər ortaya çıxaraq suyu bulandırırlar.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə “şirin quyruğu”nin yenə dilinin çıxdığını bildirdi:
“Amiliyə biri izah etsin ki, Ərdəbildə mollalığını eləsin, oradan bura dil uzatmasın. Bu adamın qərəzi, nifrəti haradan qaynaqlanır, bəlli deyil. Çox təəssüf ki, Xameneyinin rəsmi nümayəndəsi belə fikirlər səsləndirir. Bu, təhqirdir, həqarətdir, düşmənçilik etməkdir. Amili Ermənistana niyə dil uzatmır? Bəlkə ermənilərlə ”minilliklərdir" getdikləri yol daha yaxşıdır? Əfsus ki, İran heç cür bizim qələbəmizlə barışa bilmir, 44 günlük müharibənin nəticələri onu yandırır, 2 ilə yaxındır bu şəkildə siyasət yürüdürlər. İndi də siyasət adamlarını satılmaqda ittiham edib, şiələrə xitab etməsi göstərir ki, cəmiyyətin içində bir nifaq salmaq arzusundadır, amma onun kimilərin fitnəsinə kimsə getməz. Sadəcə, İranın şiəlik üzərindən bu çirkin siyasəti aparması rəzalətdir. Azərbaycan hakimiyyəti iranpərəst, Qum, Tehran bağlantısı olanlarla bağlı real araşdırmalar aparmalıdır".