ALDP sədri: Sərhəd müəyyənləşməsini uzun illərə saxlaya bilmərik

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

- Fuad müəllim, Ermənistanın sərhəddə törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun 80 hərbçisi şəhid oldu. Bu qədər itkilərdən sonra sülhün olacağına inanırsınızmı?

- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Biz sərhədlərin hardan keçməsini müəyyən etməsək, bu sərhəd münaqişəsi illər boyu davam edəcək. Ona görə bu, qarşılıqlı ərazi bütövlüyünün tanınması deməkdir. Ermənistanda da artıq bunu başa düşənlər var. Azərbaycan və Ermənistan arasında  sülh müqavilənin imzalanması vacibdir. Ən azından sərhədlərin ilkin konturlarını müəyyən etmək lazımdır, sərhəd qurğuları çəkmək lazımdır. Delimitasiya və demarkasiya məsələsi həll etmək üçün çox vaxt lazımdır. Ona görə sərhəd müəyyənləşməsini uzun illərə saxlaya bilmərik. Yeri gəlmişkən, Gürcüstanla da sərhədlərimizdə vaxtaşırı anlaşılmazlıq olur. 

- Azərbaycan ordusu sərhəddə erməni təxribatlarına tutarlı cavabı verib. Bu da öz növbəsində sərhədlərin təhlükəsizliyinin təmin edilməsi  kimi qiymətləndirilir.  Siz bu barədə nə deyə bilərsiz?

- 30 il ərzində Ermənistanla olan sərhədlərimiz işğal nəticəsində demək olar ki, yox idi. İşğal dövründə bizim ərazilərimizdə yaşayan ermənilər çox arxayin olmuşdular ki, belə vəziyyət daimi olacaq. Sərhəd keçən zonada “silindi”. İndi, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, əsgərlərimiz Ermənistanla olan sərhədi kontrola götürdülər. İndi bizdə xəritələr var. Bu xəritələr digər dövlətlərdə də var. Bu məsələdə “Amerikanı kəşf” etmək lazım deyil. “SSSR” dövründə, işğaldan qabağ olan xəritələr var. Məncə bu xəritələrdə hər şey aydın göstərilib.   

- Bundan sonrakı proseslər nə vəd edir? Gözləntiləriniz nədən ibarətdir?

- Sərhədlər müəyyənləşməsə, hələ uzun müddət gərginlik davam edəcək.  Ermənistan ərazi iddiaları, daxili məsələləri və digər problemlər var. Ona görə, indiki şəraitdə proqnoz vermək çətindir. Amma bizdən nə asılıdır biz bunu etməliyik. 9 noyabr 2020-ci ildə üçtərəfli Bəyannamə imzalanıb. Rusiya öz imzası ilə Bəyannamədə qeyd olunan məsələlərin həyata keçməsində qarant olub. Qarant ölkə kimi öz imzasına hörmət etməlidir. Ermənistan isə öz istəyilə sülh müqaviləsini imzalamasa, onda  bizim istəyimizlə olacaq…

0.05174708366394