Partiya sədri: Zatulin hakim partiyanı təmsil edir, amma heç də dövlətin mövqeyi kimi qiymətləndirilə bilməz

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərindən çox keçməmiş Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti də Bakıya gəldi. “Yeni Müsavat” yazır ki, bu səfər iki ölkə arasında münasibətlərin normal axarda inkişafını göstərməkdədir. Duma sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etməklə də bir ehtiram, hörmət nümayiş etdirdi. Lakin təəssüf ki, səfər ərəfəsində Volodinin rəhbərlik etdiyi Dumadakı deputatlar arasında yenə anti-Azərbaycan bəyanatları səsləndirənlər oldu.

Misal üçün? Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini, həmişə ermənipərəst olan Konstantin Zatulin sərhəddəki gərginlikdən sonra tələsik özünü İrəvana çatdırdı, Cermux şəhərində müşahidələr apardı. Erməni revanşistlərinin liderlərindən olan sabiq prezident Robert Köçəryanla görüşən  Zatulin Qarabağla bağlı qızışdırıcı və provokativ fikirlər səsləndirməyi də unutmadı: “Çətin vaxtlarda Ermənistana səfər etmək zərurətinə cavab verməyə bilməzdim. Azərbaycan və Türkiyə ermənilərdən və Ermənistandan Dağlıq Qarabağdakı soydaşlarından tam imtinanı gözləyir və bunu güc yolu ilə xatırladırlar. Sülh müqaviləsi və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası 30 ildir beynəlxalq münasibətlərin gündəmində olan Dağlıq Qarabağın statusu problemini aradan qaldırmır”.

Volodinin səfəri öncəsi isə daha bir deputat, Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitali Milonov Azərbaycana qərəzli münasibəti ilə “fərqlənmişdi”. Ermənistanın təxribatı səbəbindən sərhəddəki hərbi qarşıdurmaya özünün “Telegram” kanalında münasibət bildirən Milonov “dost ölkə”nin (Azərbaycanı nəzərdə tutur) “yenidən artsax xristianlarına qarşı müharibəyə başladığını” yazıb. Milonov baş verənlərə dini müharibə xarakteri verməyə çalışıb. Ötən il Milonov Xankəndinə qeyri-qanuni səfər etdiyi üçün onun adı Azərbaycana girişi qadağan olunan xarici vətəndaşlar siyahısına əlavə edilib. Amma o, bundan sonra da erməni mediasına müsahibəsində ölkəmizə və xalqımıza qarşı təhqiramiz münasibətlərini davam etdirib ki, buna hətta Azərbaycan XİN də etiraz edib, Milonovun açıqlamalarının dövlətlərarası münasibətli zədələdiyini bəyan edib.

Bəs hakim partiyanı da təmsil edən bu cür mövqeyə niyə Duma rəhbərliyi reaksiya bildirmir? Ermənipərəst Duma deputatlarının mövqeyi iki ölkə arasında münasibətləri zədələyirsə, niyə onların ağzı yumulmur?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, Dumada ermənipərəst deputatlar Rusiyanın maraqlarını nəzərə almırlar. ALDP sədri hesab edir ki, həmin deputatlar sifarişi verənin əmrinə biət edirlər: 

“Bununla da Rusiya-Azərbaycan əlaqələrinə zərbə vurmaqla məşğuldurlar. Rusiyada Azərbaycan əleyhinə danışan telejurnalistlər də var, siyasətçilər də... Amma bizi daha çox Kreml rəhbərinin münasibəti maraqlandırmalıdır. Əgər Putin maraqlarımıza zidd bəyanatlar vermirsə, postmüharibə dövründə belə Azərbaycan əleyhinə hər hansı fəaliyyəti yoxdursa, biz buna fokuslanmalıyıq. Qoy Zatulin, Milonov kimilər danışsınlar, onlar bir neçə nəfərdir. Gəlin bizim xeyrimizə danışan rus ekspertləri, siyasətçiləri də qeyd edək. Bu gün Rusiyada Azərbaycandan çox, onlara müttəfiq olan Ermənistanı daha sərt tənqid edirlər. Ona görə Dumadakı bəzi üzvlərin yox, elə Duma sədrinin, Rusiya prezidentinin mövqeyinə diqqət yetirmək lazımdır”.

Fuad Əliyev təklif edir ki, hər hansı deputatın fikrinə çox da həssaslıq göstərməyə dəyməz:

“Duma üzvü rəsmi şəxs deyil, bəli, Zatulin hakim partiyanı təmsil edir, amma heç də dövlətin mövqeyi kimi qiymətləndirilə bilməz. Bu cür adamlara rəsmi səviyyədə reaksiya verməyin əhəmiyyəti yoxdur. Rusiyanın baş naziri Mixail Mişustin də Bakıya gələcək və bu səfərlərin intensivləşməsi, Moskva ilə əlaqələrin güclənməsi Qarabağda bir sıra məsələlərin də həllinə kömək edəcək. Eyni zamanda Ermənistan üzünü Amerikaya çevirməklə Rusiyadan qopmaq istəyir, buna nail olmayacaq və belə bir strateji mübarizədə üstünlük əldə etməliyik”.

0.077607870101929