Fuad Əliyev: Fransanın Ermənistanla yüksək olan əlaqələri hamıya məlumdur
“Hesab edirəm ki, Makronun bu fikirləri Fransanın itirilmiş mövqeyinin bərpasına hesablanıb. Fransanın Ermənistanla yüksək olan əlaqələri hamıya məlumdur”.
Bunu Xəbər-PS-ə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
ALDP sədri bildirib ki, Fransa 44 günlük Vətən müharibəsində isə açıq şəkildə Ermənistanı dəstəklədi:
"Makron Fransanın prezidenti seçiləndən qabaq, Azərbaycanın Fransa ilə münasibətləri normal idi. Mitteran dövründə isə yüksək səviyyədə idi. Makron gələndən sonra bu münasibətlər korlandı. Makronun Vətən müharibəsi zamanı açıq ermənipərəst mövqeyi Azərbaycan-Fransa münasibətlərinə əlavə gərginlik gətirdi ".
ALDP sədri onu da vurğulayıb ki, Fransanın mövqeyi məlumdur və bundan artıq nə deyə bilərdi:
"İndi Makron məsələni Minsk qrupu çərçivəsində həll olunacağına çalışır. ATƏT-in Minsk qrupu 30 ilə yaxın niyə bu məsələni həll etmirdi? BMT-nin 4 qətnaməsini əsas tutub məsələni həll edərdi. Qəsdən vaxtı uzadırdılar. Fikirləşirdilər ki, Azərbaycan xalqı unudacaq, bu vəziyyətlə razılaşacaq. Azərbaycan xalqı heç nəyi unutmayıb, dözüb və vaxtı gələn kimi öz sözünü deyib. Ordumuz xalqın dəstəyini aldıqdan sonra BMT və ATƏT-in işini özü həll etdi, işğalda olan torpaqları azad etdi. Və indi nə status məsələsi var, nə də ki, bu Minsk qrupu. İndi bizim işimiz Qarabağ bölqəsini bərpa işlərlə bərabər, orada qalan erməni separatçıları təmizləməkdir. İnanıram ki bu məsələlər qısa bir zamanda həll olunacaq".
Fuad Əliyev əlavə edib ki, Makronun bu fikirləri regionda sülhün yaranmasına xidmət etmir.