Azərbaycana əsl Şaxta Baba gələcək

Günay Malikqızı yazır...

Əslində, Yeni il evdə, ailə ilə qarşılanan bayramdır.

İstirahət günlərində gözəl Azərbaycanımızın fərqli məkanlarına getsək də, elə evdə olmuş sayılırıq. Amma bu il evdə qalmaqdansa, xaricə getsək, yaxşı olacaq.

Göydə uçan qiymətlərə çata bilənlərin sayı azdır. Çata bilməyənlər isə ya mənim kimi, ardınca danışmaq, ya da “Azərbaycanda olmaq bizə yaman baha başa gələcək”  fikri ilə yaşamaq məcburiyyətindədirlər.

Şamaxıda, Qəbələdə, Şəkidə gedəcəyiniz hotelin qiymətinə xarici səfərə çıxmaq mümkündür. Bunun bir neçə səbəbi ola bilər. 

Bizim sərhədlərdən kənardakılar Yeni ili sevmir, onu yaxşı qarşılamaq istəmir. 

Onların hotelləri yaxşı deyil. Yeməkləri dadsızdır. Ya da oralara əsl Şaxta Baba gəlmir...

Əslində, indi “Hər yerin öz qiyməti var” deyənlərin səsini açıq-aydın eşidirəm. Hətta qıraqdan onlara “hamı öz cibinə uyğun yer tapar” tipli dəstək verənləri də anlayıram.

Ona görə də təklif edirəm ki, heç bir tanınmış hotellər şəbəkəsinə aid olmayan hər hansı bir hotelin, məsələn, Fransa, Sankt-Peterburq səfəri qiymətinə bayram gecəsi qiyməti təklif verəndə həm də insanlara aydınlıq gətirsin ki, bunun səbəbi əsl Şaxta Babanın məhz onlara gəlməsidir.

Bunu hamı anlayar.

Əsl Şaxta Babanı kim görmək istəməz ki?

Bunun üçün ilk baxışda ağlasığmaz görünən o qiymətləri anlamaq da olur, hələ üstəlik, ödəmək də...

Amma bilirsiniz, mənə nə maraqlıdır?

Yeni ildə pəncərəsindən qar görünməyən hotellərə əsl Şaxta Baba gəlsə, əriməz ki?

0.34397101402283