MTRŞ efirlərdə şəxslərin özəl-intim həyatının müzakirəyə çıxarılmasını pisləyib

Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.

Bakunews.media xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-cu il üzrə hesabatında qeyd olunub.

Hesabata görə, aparılan müşahidələr nəticəsində bir sıra özəl yayımçıların efirində “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.9-cu maddəsinin (milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır) tələblərinə tam surətdə riayət olunmaması diqqəti cəlb edib.

Qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərin efirdə pozulması halları sosial problemlərin müzakirə olunduğu verilişlərdə də baş verir. Belə ki, müzakirə tipli verilişlərdə bir çox hallarda ailələrin, şəxslərin özəl-intim həyatının nümunə olmayacaq təfsilatları müzakirəyə çıxarılır, faktlar səsləndirilir.

Milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə yayımlanmış bir sıra reklam çarxlarında (“Kişi ürəyi” adlı dərman vasitəsi və s.) da rast gəlinib. Seriallarda, xüsusən komediya janrında çəkilmiş seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.

Ümumilikdə qeyd etmək lazımdır ki, Şura tərəfindən atılmış ciddi addımlar nəticəsində 2019-cu il ərzində teleradio yayımı haqqında qanunvericiliyin tələblərinin yayımçılar tərəfindən icrası istiqamətində müsbət dinamika müşahidə edilmişdir. Yayımçıların proqram səbətində ölkə və şəxsi istehsal olan efir materiallarının, o cümlədən maarifləndirici və əyləndirici layihələrin, verilişlərin artması da diqqəti cəlb edib.

Serial təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi işinə əvvəlki illərdə göstərilmiş dövlət dəstəyinin nəticəsi olaraq bu il ərzində yayımçıların efirində xeyli sayda yeni serialların yayımlanması müşahidə olunub. 

Könül Cəfərli 

0.65413808822632