“Hər parıldayan qızıl deyil...” - MÜSAHİBƏ+FOTO

2006-cı ildə yaradılan “Levata” qrup dünyanın ən məşhur zərgərlik brendləri, gümüş və bijuteriya istehsal edən şirkətləriylə əməkdaşlıq edir.  

Hazırda şirkətin 9 butik və bir onlayn mağazası fəaliyyət göstərir.  

“Levata” qrup “Pandora” brendinin Azərbaycanda və Özbəkistanda eksklüziv distrubyutorudur. Şikrət qızıl, gümüş və dəbli bijuteriya məhsullarının ən böyük idxalçısıdır. ABŞ, Türkiyə, İtaliya, İspaniya və Almaniya kimi ölkələrdən məhsul idxal edir.  

“Levata” qrupun rəhbəri Nailə İmanova deyir ki, məşhur zərgərlik şirkəti Sokolov ilə əməkdaşlıq etmək gələcək planlarına daxildir. 

Nailə İmanova həm də paytaxtın məşhur “Faro”, “Vitrage”, “Ant Hill”, “Pandora”, “Montegrappa” mağazalarının sahibəsidir. Mağazaların konsepsiyasında ən tələbkar alıcıların tələblərini qarşılayacaq məqamlar nəzərə alınıb.  

- Zərgərlik biznesi ilə məşğul olmaq ideyası necə yarandı? 

- Zərgərlik çox spesifik biznesdir. Zərgərlik mağazası açmaq üçün qızıl işinin incəliyini, insanların zövqünü bilmək lazımdır. Bu biznesdə fəaliyyətimə 2000-ci ildə başlamışam. Belə ki, yerli şirkətlərin birində 6 il bu sahədə fəaliyyət göstərmişəm, zərgərlik məmulatlarının sifarişi və satışı ilə məşğul olmuşam. 6 ildən sonra öz şirkətimi açmaq qərarına gəldim. Qərarım atası uzun illər bu sahədə fəaliyyət göstərən rəfiqəmlə məsləhətləşmələrdən sonra daha da qətiləşdi, uğur qazanacağıma inamım artdı. Beləliklə, 2006-cı ildə ilk firma mağazamızı - “Vitrage”ı açdıq. 

- Qadın və bizim ölkənin miqyasında heç də kiçik olmayan risklər. Yəqin ki, ailəniz təşəbbüsünüzü bir o qədər də müsbət qarşılamayıb... 

- Ailədə şəxsi biznes fəaliyyətinə başlamaq fikrim birmənalı olaraq skeptik qarşılandı. Çünki qadının biznesdə fəaliyyətini təsəvvür etmirdilər. Nəzərə alın ki, 13 il bundan qabaq ümumən cəmiyyətdə qadının təşəbbüs göstərib öz şəxsi biznesini quracağına fərqli baxışlar, bir qədər də inamsızlıq var idi. Lakin zaman hər şeyi öz yerinə qoydu.  

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan qadınının cəmiyyətin həyatında tarixən əhəmiyyətli rolu olub. Bu gün ölkənin inkişafında qadınların iştirakı getdikcə artır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti qadınlar üçün nümunə olmaqla yanaşı, böyük stimuldur. Bu baxımdan biz qadınlar özümüzü indi daha inamlı hiss edirik. 

İşə başladığım dövrə qayıdaraq qeyd edim ki, həmin vaxtda ölkədə beynəlxalq brendlər, bahalı əşyalara tələbat formalaşmamışdı. Bu baxımdan bizim qurduğumuz işin riskləri də böyük idi. Amma biz bunu bacardıq, hazırda 9 mağaza və bir onlayn satış sferası ilə bazarda öz yerini tutan şirkətin 65 əməkdaşı var. 

- 65 əməkdaş deyərkən, siz də daim dəyişən heyəti nəzərdə tutursunuz? 

- Bakıda zinət əşyalarının satışı ilə məşğul olan mağazalar çoxdur. Ancaq bu sahədə yüksək peşakarlıqla xidmət göstərən az sayda mağaza fəaliyyətdədir. Biz mağazalarımızda yüksək keyfiyyətli xidmət göstərməyə çalışırıq və bu məsələnin üzərində daimi iş aparırıq. Təbii ki, sözügedən üstünlüyü daim öz üzərlərində işləyən əməkdaşlarımızla qazanmışıq. Əməkdaşlarımızın fərdi inkişafı bizim üçün prioritetdir. Onlar vaxtaşırı sərgilərdə iştirak edirlər. Məlumdur ki, işçiləri zərgərlik sərgilərinə göndərmək çox baha başa gəlir. Buna baxmayaraq, işçilərin ən məşhur sərgilərdə iştirakını təmin edirik. Çünki bu, işçilərin məlumatlılığının artmasında, dünyagörüşünün, zovqünün formalaşmasında əhəmiyyətli rol oynayır. 2006-cı ildən bəri dayanıqlı, inkişafda olan orta biznesin yaranmasında bu konsepsiya böyük rol oynayıb. 

- Hazırda alıcılar nəyə üstünlük verirlər? 

- İnsanların zövqləri, dünyagörüşləri, baxışları dəyişir. Alıcılarımız dünya trendlərini izləyirlər. Keçmişdə qızıla kapital kimi münasibət bəsləyirdilər. Hazırda isə qızıla zinət əşyası kimi  dəyər verir, zövq və həzz aldıqları əşyaları alırlar. Çox şadam ki, açdığımız mağazalar, əməkdaşlıq etdiyimiz brendlərin məhsulları zövqlərin formalaşmasında rol oynayıb. Mən mağazalarımızda satılacaq məhsulların seçimində həmişə iştirak edirəm. 

Alıcıların tələbatı gündən-günə artır, eyni zamanda, zinət əşyalarının keyfiyyəti də yüksəlir. Alıcıların inam və etibarını qazanmaq üçün çox çalışmaq lazımdır.  

- Mağazalarınızda satılan məhsullarını hamısını idxal edirsiniz. Yerli mal istehsal etmək planınız var? 

- Belə ideyamız var. Biz keyfiyyətli yerli istehsalın olmasında çox maraqlıyıq. Azərbaycandan kənarda, İtaliyada və Türkiyədə bizim eskizlərimiz əsasında istehsal olunan məhsullarımız var. Çünki uzun illər bu sahədə çalışandan sonra təcrübə toplayırsan və bəzi mental xüsusiyyətləri nəzərə almalı olursan. Ona görə də mütəmadi olaraq partnyorlarımıza zərgərlik məhsullarında müəyyən dəyişiklik etməklə bağlı sifarişlərimizi veririk. Bizim eskizlərimiz əsasında daha böyük həcmdə istehsalın başlanması ilə bağlı fikirlərimiz və planlarımız var. 

- Gəlin, keyfiyyətdən danışaq. Sizin mağazalar şəbəkənizdə satılan məhsulların keyfiyyətinə necə təminat verirsiniz? 

- Əvvəla, çalışdığımız şirkətlərdən təminat alırıq. Məhsullarımız dünyada tanınmış, yüksək nüfuza malik şirkətlərin istehsalıdır. Məlumdur ki, Avropada qızıl-zinət əşyalarının istehsalı və satışı ciddi sertifikasiya, nəzarət mexanizmləri altında həyata keçirilir. Bu faktın özü idxal etdiyimiz bütün zinət əşyalarının dünyada tətbiq olunan ən ciddi sertifikatlara malik olduğundan xəbər verir. Eyni zamanda, alıcılarımıza bildiririk ki, sizin təminatınız bizik. Bilirsiniz, zərgərlik məhsulları əl işləridir, hansısa qüsurun olması mümkündür. Amma biz təminatlı xidmət göstəririk. 

- Yerli şirkət olaraq dünya brendləri ilə əməkdaşlıq əlaqələrini qurmaq çətin olmadı ki? Çünki Avropa şirkətlərinin şəffaflıqla bağlı sərt tələbləri var? 

- Bəli, biz əsasən Avropa firmaları ilə əməkdaşlıq edirik. Bu şirkətlər bütün məhsullarını beynəlxalq standartlara əsasən sertifikatlaşdırırlar. Zərgərlik məhsullarının satışı təkcə satışdan ibarət deyil, burada servisin göstərilməsi, keyfiyyətin yüksək olması şərtdir. Zərgərlik məhsulları əsasən insanların xoşbəxt günləri üçün alınır.  

Müştərilərin əsas tələbləri peşəkarlıqdır. Bu səbəbdən biz şəffaf işləyir və vergiləri tam şəkildə ödəyirik. Öz biznesimi qurduğum ilk gündən mənim əsas iş prinsipim şəffaflıq olub. Son dövrlərdə ölkədə vergi, gömrük sahəsində aparılan islahatlarla bağlı olaraq da iş adamlarının üzərinə böyük məsuliyyət düşüb. Eyni zamanda, əməkdaşlıq etdiyimiz brendlərin də bu istiqamətdə sərt tələbləri mövcuddur. Əks halda bizim onlarla əlaqə yaratmağımız mümkün olmazdı. Dünyada bu seqmentə ciddi tələblər və sertifikasiya var. Məhz bu baxımdan biz bütün öhdəliklərimizi yerinə yetiririk. Əgər siz qızıl-zinət əşyaları biznesində fəaliyyət göstərirsinizsə, işinizi inkişaf etdirməyin yeganə yolu şəffaflıq, dürüstlükdür.  

- Rəqabət mühitini necə qiymətləndirirsiniz? Bu sayda mağaza üstünlüyünüzü göstərir? 

- Təbii ki, o qədər də kiçik olmayan zaman ərzində göstərdiyimiz fəaliyyət bizim rəqabətə davamlılığımız sayəsində mümkün olub. Bununla belə, müəyyən çətinliklərimiz də var.  

İlk növbədə ölkəyə gətirilən zinət məhsulları sertifikatlaşdırılmayıb. Sözügedən bazarın digər iştirakçıları eyni brendlərin şəkillərini göndərib, xaricdə sifariş edir və alıcıları təmin edirlər. Amma gətirilən məhsulların keyfiyyəti, tərkibi naməlumdur. Bəzən alıcılar bizə irad tuturlar ki, eyni məhsulu digər mağazalardan daha ucuz qiymətə almışıq. Biz isə onlara bildiririk ki, aldıqlarınızın tərkibi bilinmir. Gətirdiyimiz məhsulların üzərində olan hər kiçik qaşın belə sənədi var. Biz yalnız dünyada tanınmış, yüksək nüfuza malik olan şirkətlərlə rəsmi əməkdaşlıq edirik. Rəsmi əməkdaşlıq idxalçının bütün öhdəliklərini, o cümlədən gömrük, vergi ödənişlərini yerinə yetirməsi deməkdir. Böyük ehtimal ki, hazırda “Pandora”nın məhsullarını qeyri-rəsmi yollarla gətirən şirkətlər heç bir ödəniş etmirlər.   

Bundan başqa, məhsulların, daş-qaşların tərkibini müəyyən etmək peşəkarların işidir. Biz alıcılarımıza bu xidməti də göstəririk və əşyaların tərkibi haqqında dəqiq məlumat alırlar. Alıcı mənşəyi məlum olmayan məhsulları almaqla böyük risk edir. 

Bildiyiniz kimi, zinət əşyalarının satışı ilə məşğul olan şirkətlər üçün lisenziyalaşma ləğv olunub. Təbii ki, bunu həmin dövrün tələbləri üçün normal hesab etmək olar. Amma indi bu qənaətdəyəm ki, lisenziyalaşdırılma bərpa olunmalıdır. Bu sahədə dövlətin nəzarəti daha güclü olmalıdır. Hazırda digər sahələrdə lisenziyalaşdırma tam şəffaf şəkildə həyata keçirilir və əvvəlki bürokratik əngəllər tam aradan qaldırılıb. Bütün dünyada bu seqment lisenziyalaşdırılmış fəaliyyət növüdür. Lisenziyalaşdırma bu biznesdə sağlam rəqabəti də təmin edəcək. Ən əsası, istehlakçı hüquqlarını qoruyacaq. Bir daha qeyd edirəm ki, müştəri bilmir ki, nə alır, o, sadəcə böyük məbləğlər ödəyir.  

Bir məsələyə yenə də qayıdım. Qeyd etdim ki, indi qızıl əşyaları kapital qoyuluşu funksiyasını itirib. Amma bütün hallarda alınan məhsullar təkrar bazara qayıtmaq ehtimalını saxlayır. Təsəvvür edin ki, lisenziya olmayan bazar iştirakçıları tərəfində satılan sertifikatlaşmamış məhsullar təkrar bazara çıxanda hansı problemlərlə üzləşir. 

Deməli, zinət əşyaları bazarının iştirakçıları fərqli qaydalarla iş qururlar... 

Hazırda ölkəyə qeyri-leqal yollarla zinət əşyaları gətirənlərlə ədalətsiz rəqabət mühitindəyik və bu da şirkəti çətin vəziyyətlə üz-üzə qoyur. Biz mütəmadi olaraq zinət əşyaları bazarında monitorinq aparırıq. Vergilərin, aksizin, gömrük rüsumlarının ödənişindən sonra eyni məhsul üçün digər mağazalarda rastlaşdığınız ucuz qiymətlər reallıqla uyğun gəlmir. Bu isə o deməkdir ki, aldığınız zinət əşyalarının üzərindəki qaşlar qiymətli metallar deyil və yaxud saxtadır. Məşhur atalar misalında deyildiyi kimi, hər parıldayan qızıl deyil. Bu biznesin şəffaf iştirakçılarının haqlı sualı var: niyə aidiyyəti strukturlar baş verənlərə göz yumurlar? Axı istənilən mağazaya daxil olub satılan zinət əşyalarının mənşəyini, tərkibini yoxlamaq mümkündür. 

Buna baxmayaraq, biz bütün hallarda şəffaf fəaliyyət göstərməkdə davam edəcəyik. Bizim başqa yolumuz yoxdur. Amma müvafiq dövlət orqanlarının bu sahədə qayda-qanun yaradacağına inamımız böyükdür. 

Onu da vurğulamaq istərdim ki, şirkətimizin, xüsusən də mənim üzərimdə ikiqat məsuliyyət var. Həyat belə gətirib ki, hazırda yaxın qohumlarım dövlət strukturlarında rəhbər vəzifələrdə çalışırlar və bu da ilk növbədə mənim özümün nümunə olmağımı tələb edir. Hər kəs ilk növbədə öz timsalında nümunə göstərməlidir.   

- Sonda bir daha ailə ilə bağlı məsələlərə qayıdacam. Fəaliyyətə başlayanda ailənizdə şəxsi biznesinizi quracağınıza skeptik yanaşıldığını söylədiniz. Yəqin bu fikri həyat yoldaşınıza aid etmək olmaz. Onun fəaliyyət istiqaməti indi sizin biznesin inkişafına dəstək olurmu? 

- Siz eyhamı həyat yoldaşımın “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində rəhbər vəzifədə olmasına vurursunuz. O, uzun illər özəl sektorda fəaliyyət göstərib, 2009-cu ildən isə dövlət qurumlarında çalışır. Həyat bir yerdə durmur, müasir dövrdə dəyişikliklər hər kəsi yeni sahələrə, yeni istiqamətlərə yönəldir. Mənim özüm ixtisasca həkim olsam da, hazırda tam fərqli sahədə uğur qazanmışam.  

Həyat yoldaşımın “AzerGold” QSC-yə təyinatı 2016-cı ildə olub, mənim isə həmin dövrə qədər bu biznesdə artıq 16 illik təcrübəm vardı. Belə demək mümkünsə, bu sahədə mən ona daha çox məsləhətlər verə bilərdim (gülür). Təbii ki, bu bir qədər də zarafatdır. Onun rəhbərlik etdiyi Cəmiyyətin fəaliyyət sahəsi ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışıdır. Mənim rəhbərlik etdiyim şirkət isə brend zərgərlik məmulatlarının ölkəyə idxalı və satışı ilə məşğuldur. Ondan bu sahə ilə bağlı soruşa biləcəyim yeganə sual “Bu gün qızılın qiyməti neçəyədir?” ola bilər (gülür). 

Sonda mən qeyd etmək istərdim ki, ölkəmizdə biznesin bu seqmentinin inkişafına inamla baxıram. Bu sahədə dövlət tərəfindən tənzimlənmənin aparılmasına, sağlam rəqabət mühitinin yaranacağına inanıram. Belə olan halda qızıl-zinət əşyaları istehsal edəcək yerli brendlərin yaranması da uzaq gələcəyin işi deyil.

0.30194115638733