Partiya sədri: Paşinyan bu mənasız danışıqlarla məsələni dondurmaq istəyir
“Müsahibələrdə dəfələrlə demişəm ki, Ermənistanı sülhə məcbur etmək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın və daxili işlərinə qarışmasın”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a açıqlamasında bildirib.
Onun sözlərinə görə Ermənistan 09 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin yerinə yetirməkdən boyun qaçırır:
“Azərbaycan tərəfi imzalanan Bəyannamənin bütün bəndlərini yerinə yetirib. Ermənistan isə yerinə yetirmir. Ermənistan Azərbaycanla indi gah Brüsseldə, gah Moskvada görüşlər keçirməklə vaxtı uzadır. Hər dəfə bu görüşlərdən sonra Paşinyan Ermənistana qayıdarkən, öz çıxışları ilə, əldə olunan razılaşmaları pozur. Məqsədi aydındır. Bu mənasız danışıqlarla məsələni dondurmaq istəyir. Səmərqənddə, öz çıxışında prezident İlham Əliyev Ermənistana və onların himayədarlarına bir daha bildirdi ki, məsələnin uzadılması Ermənistana xeyir gətirmiyəcək. Hesab edirəm ki, əgər Ermənistan bu yolu davam etsə, onda biz sərhədləri bağlıyaraq anti-terror əməliyyatlara başlamalıyıq”.
ALDP sədri hesab edir ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməsə təhlükəsiz yaşaya bilməyəcək:
“Ermənistan öz xoşu ilə sülh şəraitində yaşamaq istəmirsə, onda onları məcbur etmək lazımdır. Onlar sülh dili başa düşmürlər. Azərbaycan ordusu anti-terror əməliyyatları keçirərək güc dili ilə onlara başa sala bilər. Ordumuz buna hazırdır”.