ALDP lideri: Hər bir partiyanın üzvlük haqqı ilə bağlı məsələ nizamnaməsində yazılıb

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi noyabrın 23-də müzakirə edilib və müzakirələrdən sonra layihənin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.  “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi dövlət qeydiyyatına alınması üçün partiyanın azı 5000 üzvü olması tələbi qoyur. Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb icra hakimiyyəti orqanına (qeydiyyat məsələsinə Ədliyyə Nazirliyi məsuldur) təqdim etməlidir.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu məsələdə nikbin görünür: 

“Yeni redaksiyada təqdim olunan qanun layihəsində hələ də mübahisəli və müzakirəyə ehtiyacı olan məsələlər qalır. İctimai müzakirələr davam edir və çox güman ki, təklif olunan və mübahisə doğuran məsələlər öz həllini tapacaq. Hesab edirəm ki, yeni redaktədə üzv sayının 4500-dən aşağı olmasını əsas götürüb qeydiyyatın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək düzgün deyil. Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir. Üzvlərin sayı qeydiyyat üçün lazımdırsa, göstərildiyindən 500 nəfər az olması onun fəaliyyətinə heç bir əks təsirini göstərə bilməz. Hesab edirəm ki, "bir üzvün partiyaya ödədiyi üzvlük haqqı minimum əməkhaqqının 35 mislindən artıq ola bilməz" iddiası da sual yaradır. Hər bir partiyanın üzvlük haqqı ilə bağlı məsələ nizamnaməsində yazılıb. Məsələn, ALDP-də ən aşağı üzvlük haqqı 1 manatdır. Amma üzvlük haqqı kimi 50, 10, 5 manat ödəyənlər olur. Əgər partiya üzvü üzvlük haqqı kimi hansısa məbləği ödəmək istəyirsə, ona qadağalar qoymaq, bunu çərçivəyə salmaq nəyə lazımdır. Düşünürəm ki, bu da qəbulolunmayan məsələdir. Partiyanın üzvü istəyir ayda 1000 manat üzvlük haqqı versin. Fikrimcə, ianələrlə bağlı da məsələ düzgün deyil. Tutaq ki, biznes adamları partiyaya 1 milyon manat ianə etmək istəyirsə, niyə etməsin ki? Əslində bu, partiyaların fəaliyyətinin daha geniş şəkildə inkişaf etməsinə təkan verə bilər. Bu təcrübə Qərbdə, ABŞ-da keçirilən  seçkilərdə dəfələrlə sınanıb. ABŞ-da Baydenin son seçkilərində gənc biznes adamı onun kampaniyasına 400 milyon pul xərcləyib. İanələrin çərçivəyə salınıb, məbləğin “10 mindən yuxarı olmamalıdır”, yaxud “üzvlük haqqı əmək haqqının 35 mislindən yuxarı olmamalıdır” təklifləri ilə razı deyiləm. Bütün hallarda bu bir təklifdir, müzakirələr gedir və siyasi partiyaların inkişafına maneə yarada biləcək təkliflərin qəbul olunmayacağına ümid edirəm. Göründüyü kimi, bundan qabaq “iki seçkidə iştirak etməyən partiyaların qeydiyyatının ləğv olunması” təklifi artıq son redaksiyada öz yerini tapmadı. Deməli, müzakirələr olmalıdır və müxalifət partiyaları bu müzakirələrdə aktiv iştirak etməlidir".

/Yeni Müsavat/

0.058543920516968