“Azadlıq fədaisi” mükafatının qalibi Beynəlxalq insan hüquqları günü elan olunacaq

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, ALDP tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının növbəti qalibinin müəyyən edilməsi və bəzi təşkilati məsələlər müzakirə olunub.

 “Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri, altincı dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğuya başlanmasını təklif etdi.

“Keçiriləcək sorğunun nəticələri dekabrın əvvəlində - Beynəlxalq insan hüquqları günü elan olunacaq və qalib müəyyənləşəcək” – Fuad Əliyev qeyd edib.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib. 

2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə AXCP sədrinin müavini Gözəl Bayramlı, 2019-ci ildə Tofiq Yaqublu və Oqtay Gülaliyevə, 2020-ci ildə hüquq müdafiəçisi Novella xanım Cəfərovaya və 2021-ci ildə isə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.

0.090788841247559