Fuad Əliyev: Bunların arzuları yenə də puç olacaq
“Azərbaycan danışıqlarla Qarabağdakı məsələlərin tam həllini istəyir. Əslində isə bu daha çox ermənilərə lazımdır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
“Ermənilər nə qədər ki, tez Azərbaycan qanunlarını və vətəndaşlığını qəbul etsələr, o qədər də onlar üçün yaxşı olacaq. İndi hər vəchlə məsələnin həllini uzatmağa çalışırlar. Məsələ uzandıqca isə ermənilər məğlubiyyətdən özünə gəlir. Son günlər görürük ki, Qarabağda revanşist, separatçı və terrorçuların sayı çoxalır və onlar daimi olaraq təxribatlara əl atırlar. Amma, hesab edirəm ki, bunların arzuları yenə də puç olacaq. Bunları 30 il ərzində, nəinki başqa dövlətlər, heç Ermənistan belə tanımayıb. Bundan sonra da tanımıyacaq! Hesab edirəm ki, "nə hərb, nə sülh" vəziyyəti çox çəkmiyəcək. Azərbaycan yenə də illərlə oturub gözləməyəcək! Azərbaycan ordusu hazır vəziyyətdədir. Hesab edirəm ki, Ermənistanla sərhəd bağlanmalı və antiterror əməliyyatlara başlamalıyıq! Bu baş versə, ermənilər üçün çox pis nəticələnəcək”.