Fuad Əliyev: Orada normal biri yoxdur ki, oturub ölkədəki vəziyyəti təhlil etsin

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

- Fuad bəy, bu gün ölkədə ictimai-siyasi vəziyyət hansı mühüm amillərlə təzahür olunur. Siyasi partiyaların vəziyyəti necədir, dəyişiklik varmı?

- Azərbaycan Liberal Demokrat Partiyası olaraq, çalışırıq ki, yeni üzvləri cəlb edək. Bu baxımdan “Siyasi partiyalar” haqqında yeni qanunun müzakirəsi, ehtimal etdiyimiz proporsional seçki sistemin bərpası, bizə yeni üzvlərin cəlb olunmasında təkan verdi. Rayon təşkilatlarında bir az canlanma başlandı. Hesab edirəm ki, yuxarıda qeyd etdiyim məsələlər öz həllini tapsa, fəaliyyətimiz daha aktiv fazaya keçəcək.

- Son vaxtlar sosail-iqtisadi problemləri qeyd edən bir çox siyasilər, eləcə də siz bildirisiz ki, sosial problemlər cəmiyyətdə siyasi aktivliyi artıra bilər və proseslər ona doğru gedir. Bəs bu aktivlik siyasi partiyaların özündə niyə müşahidə edilmir?

- Səbəblərdən biri 2002-ci ildə referendum yolu ilə proporsional seçkinin ləğv olunmasıdır. Demək olar ki, bununla da siyasi partiyaların aktiv fəaliyyətinə son qoyuldu. Siyasi partiyaların daxilində belə sağlam rəqabət mühiti sıfıra enərək passivlik yarandı. Bir neçə aparıcı simalar partiyalardan uzaqlaşdılar. Bu proses çox partiyalarda müşahidə olundu. Müxalifət liderlərinin özünün apardığı səhv siyasət nəticəsində müxalifətə inam itdi. Bütün bu neqativlər ona gətirib çıxardı ki, bu gün vətəndaşlar siyasi partiyaya başqa gözlə baxır. Bəzi partiyalar ki, müxalifətdə ola-ola gedib hakimiyyətlə gizli iş birliyi yaradıb oturdular parlamentdə, yaxud başqa maddi üstünlüklər əldə ediblər, məhz onlar müxalifətə olan etimadı məhv ediblər. Bütün bunları vətəndaşlar bilir və danışır. Vətəndaş gördü ki, bu müxliafət səmimi deyil və bunlara görə aldanıblar. Ona görə də biz sosial məsələlərlə bağlı mövzularla insanları ətrafımıza yığmaqda, vətəndaşın inamını bərpa etməkdə çətinlik çəkirik. Bəzi partiyalar indi də sosial problemlərdən istifadə edib öz ambisiyaları üçün çalışırlar. Onların aktivliyi vətəndaşın xeyri üçün yox, öz şəxsi maraqlarından irəli gəlir. 30 ilə yaxındır ki, eyni sözlər, eyni fikirlər səsləndirirlər və əvəzinə heç nə təklif etmirlər.

- Bəzən siyasi partiyaların liderlərinə xaricdə olan bloggerlər tərəfindən tribuna ayrılır. Və bir çox hallarda da o tribunalardan ölkəyə neqativlərin sızıldığı müşahidə edilir. Xaricdən ölkəyə ötürülən bu kimi hallar nəyə hesablanır?

- Siyasi partiyalara çıxış etmək üçün çox böyük tribuna verilib. İnternet televiziyaları, saytlar buna misal ola bilər. Amma çox vaxt bir çox bloggerlər bu vasitələrdən düzgün yararlanmırlar. Azadlıq o demək deyil ki, ağzına nə gəldi danışa bilərsən! Bizdə bəziləri AZADLIQ anlayışını tamam başqa cür qəbul edirlər. Elə bilirlər ki, azadlıq verilibsə, nə istəsə deyə bilər, necə istəsə hərəkət edə bilər. Hesab edirəm ki, biz hakimiyyətlə mübarizə aparırıqsa, onun da bir qırmızı xətti olmalıdır. Xaricə qaçıb özlərinə bir “youtube” kanalı açıb özləri üçün danışırlar. Onların keçmişinə baxanda görürsən ki, çoxu çirkaba bulaşmış, mənəviyyatsız adamlardır. İndi də ordan hakimiyyətə qarşı məsuliyyətsiz çıxışlar edirlər. Bu artıq hakimiyyətə qarşı deyil, dövlətə qarşı qərəzdir. Səviyyəsiz, məsuliyyətsiz çıxışlardır. Orada normal biri yoxdur ki, oturub ölkədəki vəziyyəti təhlil etsin. Azərbaycanda çox ciddi proseslər gedir. Oturub təhlil etmək əvəzinə, söyüş, təhqir edirlər. İndi sən oradan cəmiyyətə, insanalara nə ağıllı mesaj verirsən ki, otururb səni dinləsinlər. Sən kimsən axı xalqın adından danışırsan. Sizin nə ağlınız, nə savadınız, nə də ki mənəviyyatınız buna imkan verir.

0.092192888259888