Fuad Əliyev: Ermənistan sərhədinə göndərilən yardım qrupunun ömrünün uzadılması da aparılan kompleks siyasətin tərkib hissəsidir
Ermənistan Cənubi Qafqazda Rusiyaya qarşı olduğunu, özünə yeni himayədar qismində Kremlin əvəzinə Qərbi seçdiyini getdikcə daha əyani surətdə, konkret əməlləri ilə təsdiqləyir.
İndi bundan sonra Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin mülki missiyasının daha uzun müddətə Ermənistan vasitəsilə regiona gəlişi Rusiyada daha ciddi qıcıq yaradacaq. Hesab edilir ki, bu hal hətta Laçın yolunda baş verən aksiyaya da öz təsirini göstərəcək. Belə ki, Rusiya bu prosesdə Azərbaycanın mövqeyini dəstəkləyəcək. Bunu erməni politoloq Argişti Kiviryan da təsdiq edir. O bildirir ki, Azərbaycanın tələblərinin icrasına Rusiya daha müqavimət göstərməyəcək. Çünki Ermənistan daha çox Qərblə mövqeyini uzlaşdırır və Rusiyanı arxa plana atır. Avropalı müşahidəçilər Ermənistanda oktyabrın 20-də fəaliyyətə başlamışdılar və dekabrın 20-də bu müddət bitib. Avropa İttifaqının hansı hesabat hazırladığı haqda hələ ki rəsmi bilgi yoxdur. Amma Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan hələ missiya vəzifəsini başa çatdırmamış özünün Twitter mikrobloqunda bəyan etmişdi ki, Aİ monitorinq missiyası Azərbaycanın guya “Ermənistanın suveren ərazisinə gündəlik hücumlarını” sənədləşdirib.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə bildirir ki, Avropa İttifaqı Ermənistana təsirini artırır:
“Eynilə Ermənistan sərhədinə göndərilən yardım qrupunun ömrünün uzadılması da aparılan kompleks siyasətin tərkib hissəsidir. Bu mənada Qərblə Rusiyanın regionda mübarizəsinin getdiyini görməkdəyik. Ancaq Paşinyan yaxşı bilir ki, Rusiyasız Ermənistan heçdir. Ona görə hər çıxışında sülh müqaviləsinin Rusiya variantını imzalamağa hazır olduğunu bildirir, KTMT-dən çıxmağa cürət etmir, sülhməramlıların Qarabağda 15-20 il qalması üçün sənədə imza atmaq istədiyini qeyd edir. Odur ki, Ermənistan Qərbə sığınmaq istəsə də Rusiyanın orbitindən tam qopmaq gücü olmayacaq. Bunu heç Gürcüstan bacarmadı. Rusiyanın isə İrəvana daha çox təzyiq etmək imkanları mövcuddur”.