Ticarət mərkəzində cinayət törədən şəxs: “Onu körpə uşağımı söydüyünə görə bıçaqladım”

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qubada tanışını bıçaqlamaqda təqsirləndirilən Yusif Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumat görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 30 iyun 2021-ci il tarixdə, saat 19 radələrində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Əli Ticarət Mərkəzi”nin ərazisində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Yusif Səmədov həmin ərazisindəki kafedə spirtli içki qəbul edib, sərxoş vəziyyətdə çölə çıxarkən yaxınlıqda tanışı zərərçəkmiş Təyyar Səfərovu və onun qohumu Elşənin birlikdə söhbət etdiyini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşıb. Təyyar isə ona şəxsi söhbətlərinin olduğunu deyib, kənarlaşmasını istəyib. Lakin Yusif ona əhəmiyyət verməyib, onların yanından çəkilməyib.

Daha sonra onların aralarında mübahisə yaranıb, zərərçəkmiş şəxs Yusifi nalayiq ifadələrlə təhqir edib, üzərinə yeriyərkən Təyyar onu itələyib yıxıb. Təqsirləndirilən şəxs bundan hiddətlənərək ticarət mərkəzinin yaxınlığında saxladığı avtomobilində gəzdirdiyi bıçağı götürüb geri qayıdıb. O, zərərçəkmiş şəxsi təqib edərək ticarət mərkəzindəki üzərində “EVRO” sözü yazılmış obyektin qarşısında ona çatıb, Təyyarın kürək və qarın nahiyələrinə üç zərbə endirib.

Hadisədən sonra Yusif Səmədov saxlanılıb və barəsində 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə Yusif Səmədov ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, cinayət əməlini 4 aylıq körpə uşağına qarşı istifadə olunmuş nalayiq ifadələrə görə törədib.

0.39307808876038