Partiya lideri: İran postmüharibə dönəmində maskasını yırtıb atdı və iç üzünü hamıya tanıtdı

“İran Prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər”. “Yeni Müsavat” xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

Bu arada İranın ölkəmizə qarşı təxribatları davam etməkdədir. İndi də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvü, general Əlirza Tanhay Azərbaycanı hədələyib. Bu barədə “Ahrargil” Analitik Xəbər Mərkəzi məlumat yayıb.

İranlı general Azərbaycanı İraqın keçmiş lideri Səddam Hüseynlə müqayisə edib. Onun sözlərinə görə, Azərbaycan Ukraynadakı vəziyyətdən dərs almalıdır. “Qoy Azərbaycan Ukrayna xalqının başına gələnləri görsün, Səddamın səhvini təkrarlamasın”,- deyə iranlı hərbçi təhdidindən geri qalmayıb.

Bu da diqqətçəkicidir ki, az öncə İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana çağırılıb. Orada o, xarici işlər naziri Əmir Abdullahiyan ilə görüşüb. Qeyd edək ki, adətən səfirin məsləhətləşmələr üçün geri çağırılması qarşı tərəfə etirazın və narazılığın bir forması sayılır. Odur ki, bir sual indi xüsusilə aktual səslənir: doğrudanmı üç qonşu ölkə liderlərinin sammiti aradakı ziddiyyətləri aradan qaldıra, İranın Azərbaycana qarşı əsassız iddialarına və böhtan kampaniyasına son qoya bilər?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”-a dediyinə görə liderlərin görüşü Tehran-Bakı əlaqələrində olan gərginliyi azalda bilər:

“Hərçənd buna ümidim azdır. Çünki Aşqabadda keçirilən görüşdə Prezident İlham Əliyevlə iranlı həmkarı münasibətlərdə qarşılıqlı hörmətdən söz açmışdılar, çox keçmədi ki, İran rejimi əleyhimizə yenə düşmənçilik siyasətini davam etdirdi. Bunu özləri göstərdilər ki, İbrahim Rəisinin İlham Əliyevlə görüşməsi nəticə verməyib, molla rejimi Azərbaycana qarşı nifrət püskürməyindən əl çəkmək fikrində deyil. Odur ki, hətta üçtərəfli görüş olarsa, bir müddət sonra Tehran eyni ermənipərəstliyini nümayiş etdirəcək. Çünki Zəngəzur koridoru bu ölkə üçün mühüm məsələdir, ona görə erməniləri dəstəkləyirlər”.

ALDP lideri təklif edir ki, rəsmi Bakı Tehranla bağlı siyasətində güneylilərin hüquqlarını müdafiə prosesini genişləndirsin:

“İran postmüharibə dönəmində maskasını yırtıb atdı və iç üzünü hamıya tanıtdı. Bundan sonra onlardan xoş məram gözləməyə dəyməz. Əgər İran normal qonşuluq münasibətlərini davam etdirmək istəyindədirsə, özü maraqlı olmalıdır”.

0.070461988449097