Fuad Əliyev: Britaniyanın Vətən müharibəsi başlayanda BMT TŞ-də tutduğu mövqeni unutmamışıq
Rusiya-Ukrayna böhranı beynəlxalq təhlükəsizliyi təmin etmək vəzifəsi olan BMT Təhlükəsizlik Şurası kimi qurumların həm də uğursuzluqlarını üzə çıxardı. Məlumat üçün deyək ki, Türkiyə liderindən savayı, Almaniya və Yaponiya rəhbərləri də zaman-zaman bu məsələni qaldırıblar. Son iki ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu təklif edib. Ərdoğan bildirib ki, bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll etməməlidir.
“Yeni Müsavat” bildirir ki, dövlət başçısı İlham Əliyev də BMT-nin Ermənistanın işğalı ilə bağlı dörd qətnaməsinin icra edilməməsi barədə danışarkən Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmalı olduğunu vurğulayıb. Sitat: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib və bunu tarix göstərir, 80 il bundan əvvəl yaranıb, İkinci Dünya müharibəsindən sonra. Ona görə əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Kim ola bilər burada güc mərkəzi? Hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü...”
Xatırladaq ki, hazırda BMT TŞ-yə 15 ölkə daxildir, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyri-daimi üzv isə iki illik müddətə seçilirlər. Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən Türkiyə, Hindistan və Yaponiyanın kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. İndi prezident Əliyev də BMT TŞ-nin yenilənməsi üçün təkliflər verir. Çünki artıq zərurət var və dünyadakı kataklizmlərin həllində adıçəkilən 5 daimi üzv ölkələr rol oynaya bilmirlər. Üstəlik, Ukrayna müharibəsi Rusiyanı ABŞ və Böyük Britaniya ilə üzbəüz qoyub, hər halda, pis-yaxşı Fransa da anti-Putin koalisiyasındadır, belə olan halda BMT TŞ-nin bu daimi üzvləri krisizləri birgə necə yoluna qoya bilərlər?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qeyd edir ki, BMT TŞ-də islahatlar çağırışı əvvəllər də olub. Partiya sədri Türkiyə, İsrail, Hindistan, Pakistan, Cənubi Afrika Respublikası kimi dövlətlərin gücləndiyini düşünür:
“Biz istərdik ki, Türkiyə, İsrail, yaxud Pakistan, Azərbaycana dost olan bu dövlətlərdən biri Təhlükəsizlik Şurasının üzvü seçilsin. Necə ki, KTMT-də Ermənistandan çox Azərbaycana dost dövlətlər var, eləcə də burada ola bilər. Biz maraqlıyıq ki, bütün platformalarda ölkəmizi müdafiə edən qüvvələr olsun. Britaniyanın Vətən müharibəsi başlayanda BMT TŞ-də tutduğu mövqeni unutmamışıq, daimi üzvlər içərisində bu cür ölkələr çox olmalıdır. Rusiya da BMT TŞ-də Azərbaycan əleyhinə prosesə qatılmadı. Yəni şimal qonşumuzu də özümüzə dost etməyi bacarmalıyıq. Bu mənada Prezidentin dedikləri vacibdir, daimi üzvlərin sayını artırmaq lazımdır. Eyni zamanda yeni dünya nizamı formalaşır, BMT nimdaş görünməyə başlayır, onun özünü reanimasiya etməsi lazımdır. Çünki geopolitik situasiya yenilənməkdədir”.