Partiya lideri: İran postmüharibə dönəmində iç üzünü hamıya tanıtdı

Xəbər verildiyi kimi, Antalyada Asiya Parlament Assambleyasının iclası keçirilib. İclas çərçivəsində İran, Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin üçtərəfli və ikitərəfli görüşləri də olub.

“Azad İran” Telegram kanalının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Bağer Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışarkən: “Son zamanlar Azərbaycanla müəyyən fikir ayrılıqları olub, indi bu problemlər həll olunub və mənim Bakıya gələcək səfərim, eləcə də belə görüşlərin davam etdirilməsi ilə bağlı qərar qəbul edilib”.

İki ölkə arasındakı problemlər gerçəkdənmi həll olunub? Olunubsa, rəsmi Tehran Bakının Qarabağa keçən diversantlarla bağlı notasına niyə indiyədək cavab verməyib? Azərbaycandan üzrxahlıq etməyib? Problemlər həll olunubsa, Tehran nədən Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına və Zəngəzur dəhlizinə hər vəchlə əngəl yaradır, İrəvana silah-sursat, raketlər bağışlayır, dronlar (PUA) vəd edir, SEPAH generalları az qala hər həftə Azərbaycanı hədələyir? Hətta Antalya görüşündən sonra da İran rəsmi KİV-lərindən biri ölkəmiz əleyhinə yazıya yer verib.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin dövlətlərarası münasibətlərin düzələcəyinə hələ ki, ümidi azdır: 

“Türkmənistanda keçirilən görüşdə dövlət başçısı İlham Əliyevlə iranlı həmkarı münasibətlərdə qarşılıqlı hörmətdən söz açmışdılar. Və çox keçmədi ki, molla rejimi əleyhimizə yenə düşmənçilik siyasətini davam etdirdi. Bununla da göstərdilər ki, Azərbaycana qarşı nifrət püskürməyindən əl çəkmək fikrində deyillər. Mənim fikrimcə, rəsmi Bakı Tehranla bağlı siyasətində güneylilərin hüquqlarını müdafiə prosesini genişləndirməlidir. İran postmüharibə dönəmində iç üzünü hamıya tanıtdı. Bundan sonra onlardan xoş məram gözləməyə dəyməz. İran Azərbaycanla normal münasibətlərini davam etdirmək istəyindədirsə, özü maraqlı olmalıdır”.

/Yeni Müsavat/

0.13028407096863