Fuad Əliyev: Siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq
Məlum olduğu kimi, yanvarın 11-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. Yeni Qanun 6 fəsil, 30 maddədən ibarətdir.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “İki sahil”ə açıqlamasında qeyd etdi ki, yeni Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq:
“Yəqin ki, bundan sonra kiçik partiyalar siyasi arenada qalmayacaqlar. Artıq bu partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Ümumiyyətlə, biz yeni Qanunun daha sərt olmasının tərəfdarı idik. Qanun qəbul olunana qədər müəyyən müzakirələr gedib, müxtəlif təkliflər verilib, mübahisə doğuran bir sıra müddəalar layihədən çıxarılıb. Artıq yeni reallıqlar var və siyasi partiyalar da işlərini də bu reallığa uyğun qurmalı, işlərini indi daha çox məsuliyyətli olmalıdırlar.”
ALDP sədri əlavə etdi ki, yeni nəslin nümayəndələri siyasi proseslərə və siyasi partiyalara cəlb olunmalıdırlar. Bu mənada yeni Qanunla siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq. Artıq partiya olaraq bu istiqamətdə işlərə başlamışıq. Qarşıda bizi bələdiyyə, parlament və prezident seçkiləri gözləyir. Bu seçkilərdə güclü partiyaların iştirakının şahidi olacağıq.