Partiya rəsmisi: Avropa Parlamenti oturduğu budağı kəsməklə məşğuldur
“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti dəfə şahidi olduq. Avropa Parlamentinin sonuncu qətnaməsi həqiqətdən uzaq, saxta, yalan “məlumatlara” əsaslanaraq qəbul edilib”.
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrin müşaviri Rəşad Ramizli Xəbər-PS-a açıqlamasında deyib.
ALDP rəsmisinin sözlərinə görə, Avroparlamentin ölkəmizə qarşı belə qərəzli mövqelərinin bir neçə dəfə şahidi olmuşuq:
“Erməni yalanlarına əsasən hazırlanan qətnamələrin bu illər ərzində bir neçə dəfə şahidi olmuşuq. İndi isə Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla dolu olan qətnamənin Avropa Parlamenti tərəfindən qəbul edilməsini Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirirəm. Ekofəalların keçirilən dinc aksiyanı “görmək istəmirlər””.
Rəşad Ramizli bu qətnamələrin bir kağız parçası olaraq qalacağını vurğulayıb:
“Həmin bu Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. İndi isə Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini sübut etdi. Bu mənada deyə bilərəm ki, Avropa Parlamenti Azərbaycana qarşı olan bu davranışları ilə əslində oturduğu budağı kəsməklə məşğuldur”.