"Bu mənada yeni Qanunla siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq"
"Azərbaycanda bundan sonra kiçik partiyalar siyasi arenada qalmayacaq. Artıq bu partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Siyasi partiyalar” haqqında yeni Qanunla bağlı danışarkən deyib.
ALDP sədri bildirib ki, birləşməklə bağlı partiyaya heç bir təklif gəlməyib:
"Olsa biz bu təklifi dəyərləndirərik, amma bizim kiminləsə birləşmək fikrimiz yoxdur. ALDP olaraq yeni Qanunun daha sərt olmasının tərəfdarı idik. Təkcə bir adı olan 20-30 illik partiyaların bağlanması siyasi mühitə təsiri olmayacaq. Çünki bu partiyaların “fəaliyyəti” yalnız Ədliyyə Nazirliyin qeydiyyatdan keçən partiyaların siyahısında əks olunub. Artıq yeni reallıqlar var və siyasi partiyalar da işlərini də bu reallığa uyğun qurmalı, işlərini indi daha çox məsuliyyətli olmalıdırlar. Hesab edirəm ki, partiyaların sayı azalacaq. Və yeni nəslin nümayəndələri siyasi proseslərdə və siyasi partiyalarda daha aktiv olacaqlar. Bu mənada yeni Qanunla siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq".