Fövqəladə Hallar Nazirliyinin növbəti yardımı Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır. 

Oxu.Az-ın məlumatına görə, humanitar yardım yaxın saatlarda Beynəlxalq Hava Limanından yola salınacaq. 

Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. 

Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.

İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.

Qeyd edək ki, ötən gün nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Türkiyə gediblər.

İlhamə Əbülfət

0.37903594970703