Britaniyanın enerji təhlükəsizliyi üzrə səfiri: “Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik” - FOTO

Böyük Britaniya Azərbaycanda ən böyük sərmayədar və uzun illərdir ölkənin ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir ki, bunlardan da ən mühümü energetikadır.

Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə regional səfiri Devid Moran ”Report”a müsahibəsində ölkələr arasında əməkdaşlığın əsas iqtisadi aspektləri, eləcə də iqlim dəyişikliyinə qarşı birgə mübarizə barədə danışıb.

- Bir çox ölkələrin Rusiya qazına alternativ tapmağa çalışdığı indiki məqamda Böyük Britaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirməyi planlaşdırırmı? Bunda bp-nin rolunu necə görürsünüz?

- Azərbaycan enerji təhlükəsizliyi sahəsində Böyük Britaniyanın uzunmüddətli tərəfdaşıdır. Biz həm hökumətlə, həm də təbii ki, bp ilə sıx əməkdaşlıq edirik. Xüsusi münasibətimiz var. 2021-ci ildə enerji keçidi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması ilə rəsmən təsdiqlənən əməkdaşlığımızı davam etdirməkdən həqiqətən xoşbəxtik.

Memorandum bir sıra sahələrdə - təmiz enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, eləcə də enerji keçidi sahəsində qabaqcıl təcrübələri bölüşməyə kömək edəcək. Britaniya hökumətlər səviyyəsində qarşılıqlı əməkdaşlıq üçün çox şey edə, həmçinin bp və Azərbaycan şirkətləri ilə əməkdaşlığı davam etdirə bilər.

Çox yaxşı haldır ki, bu çətin zamanda Azərbaycan əlavə qaz həcmləri təchiz etməklə Avropanın təhlükəsizliyinə öz töhfəsini verib. Avropaya verilən qazın hər həcmi təbii ki, onlara kömək edir, Azərbaycanın isə bu dəstəyi göstərmək üçün lazım olan hər şeyi var.

- Böyük Britaniya və ya onun şirkətləri Azərbaycanın tamamilə “yaşıl” olmaq səylərində rol oynaya bilərmi? Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl” layihələrdə sizdən hansısa dəstək gözləyə bilərikmi?

- Bəli, biz Azərbaycanın əsas enerji tərəfdaşı olmaq istəyirik, çünki ölkə qalıq yanacaqlardan təmiz enerjiyə keçməyə çalışır, bp və digər şirkətlər Azərbaycanın bərpa olunan enerji bazarına daxil olmaqda və orada iştirak etməkdə çox maraqlıdırlar. Deməliyəm ki, artıq Azərbaycanda Britaniyanın bu sənayeni dəstəkləyən 300-400 enerji şirkəti var. İş yerləri yaratmağa və ölkəyə yeni bilik və bacarıqlar gətirməyə davam edəcək başqa Britaniya şirkətləri də var.

Bilirəm ki, bp artıq Azərbaycanda bərpa olunan enerji sahəsini genişləndirməyi planlaşdırır, şirkət Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdən keçirir. Böyük Britaniya hökuməti həmçinin Azərbaycanın dəniz külək enerjisi yol xəritəsinin maliyyələşdirilməsinə kömək edir.

Keçən il energetika naziriniz Pərviz Şahbazov Şimal dənizində dünyanın ən böyük dəniz külək stansiyasında olub, biz bərpa olunan enerji sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu da Azərbaycanın bu sahədə nəhəng potensialını reallaşdırmağa kömək edərdi.

- Qlobal çağırışlara uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyan neft-qaz sahəsində iki ölkə arasında artıq 30 illik uğurlu əməkdaşlıq mövcuddur. “Brexit”dən sonra bu amil hansısa şəkildə dəyişibmi?

- Biz neft və qaz sahəsindən kənarda əməkdaşlığın genişləndirilməsində çox maraqlıyıq, bunun üzərində kifayət qədər uzun müddətdir işləyirik. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək illik iqtisadi və ticarət dialoqumuzun əsas istiqamətini təşkil edir. Təmiz enerji ilə yanaşı, 2022-ci ildə İKT, səhiyyə və kənd təsərrüfatını gələcək üçün əməkdaşlığımızın prioritet sahələri kimi müəyyənləşdirmişik.

Biz infrastruktur, kreativ sənaye, nəqliyyat, rəqəmsal infrastruktur və s. sahələrdə əməkdaşlıq edirik. Son illər Böyük Britaniya və Azərbaycan arasında bir sıra yeni uğurlu əməkdaşlıq sazişləri bağlanılıb. Mütəxəssislərimiz Azərbaycanın xəstəxana tullantılarının idarə edilməsini təkmilləşdirmək üçün öz təcrübələrini bölüşürlər.

Həmçinin Böyük Britaniya Qarabağda yenidənqurma prosesinin baş planını dəstəkləyir.

- Böyük Britaniya və Azərbaycan iqlim dəyişikliyi problemlərinin həllində necə əməkdaşlıq edə bilər?

- Biz artıq iqlim dəyişikliyinin mənfi təsirlərinə daha yaxşı uyğunlaşmaq üçün birlikdə işləyirik. Ölkələrin 2030-cu ilə qədər tullantılarını iki dəfə azaltması çox vacibdir, çünki bunsuz əsrin sonuna qədər qlobal temperaturun hazırda proqnozlaşdırılandan 1,5 dərəcə az artmasının qarşısını almaq mümkün olmayacaq. Odur ki, bu, olduqca iddialı məqsəddir.

COP26-nın keçmiş səfiri kimi, şəxsən özüm həm Qlazqoda, həm də Şarm əş-Şeyxdə COP27 tədbirində Azərbaycan nazirləri ilə görüşmüşəm. Apardığımız söhbətlər Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini və bu məsələdə bizimlə əməkdaşlıq etməkdə maraqlı olduğunu nümayiş etdirdi. Bu, bizim ümumi məqsədimizdir.

Çox vaxtımız yoxdur, indi hərəkətə keçməliyik, ona görə də etibarlı tərəfdaşların olması yaxşıdır. Yaxşı məqam odur ki, biz emissiyaların azaldılması və iqtisadi artım arasında ikili seçimlə üzləşməmişik. İqtisadi artım həqiqətən vacibdir, lakin 1990-cı ildən 2019-cu ilə qədər emissiyaları 44 faiz azaltdığımız halda iqtisadiyyatımızı 78 faiz artıra bildiyimizi müəyyən etmişik.

Biz çox istəyirik ki, Azərbaycan bərpa olunan enerji mənbələrinə keçsin və emissiyaları azaltsın. Şadıq ki, ölkə beynəlxalq iqlim öhdəliklərinə qoşulmağa davam edir.

0.27957391738892