Mirzə Cəlilin 17 il unutmadığı zəlzələ xatirəsi

Qan Turalı yazır...

Episentri Türkiyənin Kahramanmaraş şəhərində olan zəlzələ milyonlarla insanın ruhunda ən dərin yaralar açaraq, təkcə Türkiyədə yox ölkəmizdə də böyük bir iztirab, ağır bir matəmə səbəb olub. Bəşər övladını min illərdir təqib edən zəlzələlər cəmiyyətlərin mənəvi yaddaşında, şüurunda dibsiz uçurumlar yaradıb.

Cəmi bir neçə saniyə ərzində davam edən zəlzələ tarixdə insanların, ailələrin, şəhərlərin və ölkələrin yaddaşında əsrlərlə davam edəcək silinməz izlər qoyur. Quranın “Zəlzələ” surəsində deyildiyi kimi “Həmin gün Yer öz əhvalatını danışacaqdır”. Və bu əhvalatın içində hər kəsin öz əhvalatı, öz taleyi, öz aqibəti var. 

Əlbəttə ki, bu ağır, sarsıntılı və faciəvi günlərdə nəyisə təhlil etmək, təsəlli vermək çox çətin görünür. Ancaq faciənin miqyasını təsəvvür etmək, onu anlamaq üçün Mirzə Cəlilin 1902-ci ildə baş verən Şamaxı zəlzələsi haqqında yazdığı “Zəlzələ” hekayəsini xatırlatmaq yerinə düşər. 

1902-ci ilin elə bu günlərində - 31 yanvarda baş verən bu zəlzələ nəticəsində Azərbaycanın tarixinin ən görkəmli şəhərlərindən biri, Şirvanşahlar dövlətinin paytaxtı faktiki olaraq yer üzündən silinmişdi. Şəhərdəki 5000 evdən 4000-i, 8 qədim məscid, iki kilsə, 10-dan artıq mədrəsə, 40 hamam yerlə-yeksan olmuş, şəhər xarabazara çevrilmişdi. 2000 sakin zəlzələ zamanı öz həyatını itirmişdi. 

Cəlil Məmmədquluzadə zəlzələnin birbaşa şahidi olmamışdı. Ancaq onun yaxın dostu, “Molla Nəsrəddin” jurnalının həmredaktoru Ömər Faiq Nemanzadə zəlzələ baş verdiyi vaxt Şamaxıda müəllimlik edirdi. Ömər Faiq xatirələrində bu zəlzələ haqqında ətraflı bəhs edir. Cəlil Məmmədquluzadənin “Zəlzələ” hekayəsində qeyd edilən əhvalatın da ona Ömər Faiq tərəfindən danışıldığını güman etmək olar. 

Hekayə belə başlayır: “Zəlzələdən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhvalatı da yadımdan çıxıb, ancaq həmişə zəlzələ söhbəti düşəndə bir yetim uşağın faciəsi hər bir təfsilatı ilə açıq-aydın gəlib durur gözlərimin qabağında və yazı yazdığım yerdə qələmi, çörək yediyim vaxt tikəmi gərək qoyam yerə və fikrimi-zikrimi verəm keçmiş günlərə, dəqiqələrlə qara xülyalara dalam”.

Mirzəni qara xülyalara qərq edən əhvalat isə belə baş verir. Zəlzələ zonasına gələn qəhrəman min cür dəhşətə, faciəyə şahidlik edir. Gecə yatdıqda isə qulağına bir uşağın ağlamaq səsi gəlir. Ancaq bu ağlaşma səsi heç zaman kəsilmir. Yuxuda da qəhrəman bu ağlaşma səsini eşidir. Qalanını yazıçının qələmindən oxuyaq:

“Yavuqlaşdım  və bildim ki, ağlayan uşaq həyətin sağ tərəfindəki bir daxmadadır. Bir az yavuq gəldim və elə bir hal gözümə sataşdı ki, burada dik atıldım. Bir övrət xeylağı başıaçıq, hövlnak oradan qaçdı həyətə. Bu övrətin ağzından mən ancaq bunu eşitdim:
-Vay, yazıq uşaq!
Özümü saxlamadım və başımı uzatdım daxmanın içinə və burada bir belə dəhşətli və nifrətli şey gördüm ki, bir balaca uşaq bi övrətin döşlərini ağlaya-ağlaya söküşdürür, övrət də gözlərini göyə tərəf dikib, baxmaqdadır. Həmən dəqiqə duydum ki, övrət cansızdır”. 

Ustad yazıçı hekayəsini belə bitirir: 

- Və həmişə bir yanda zəlzələ söhbəti qulağıma çatanda öz-özümə deyirəm: “Ax, yazıq uşaqlar!”

0.48541712760925