Partiya lideri: Hesab edirəm ki, bu dəfə də, o, yaranan problemləri aradan qaldıraraq iqtidarın mövqeyini gücləndirəcək
“Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün vaxt lazım olacaq. Və ola bilər ki, may ayında nəzərdə tutulan seçkilərin keçirilməsi başqa vaxta təyin olunsun”
Bu sözləri Baku News-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.
ALDP sədrinin fikirlərinə görə, yaranmış ağır durum Türkiyədə mayda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə təsir etməyəcək:
“Bu gün qardaş Türkiyə ağır faciəni yaşayır. Türkiyədə baş verən zəlzələ ağır itkilərə və dağıntılara səbəb olub. Minlərlə insan həlak olub, on minlərlə insan evsiz qalıb. Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün vaxt lazım olacaq. May ayında nəzərdə tutulan seçkilərin baş tutacaq, yoxsa təxirə salınacaq, hələ ki, bu barədə nəsə demək tezdir. Ölkədə 7 günlük matəm elan olunub. Belə bir ağır vəziyyətdə seçkiləri düşünən, məncə, kimsə yoxdur. Və ola bilər ki, seçkilərin keçirilməsi başqa vaxta təyin olunsun. Bunu bir neçə gündən sonra biləcəyik”.
“Bəzi ekspertlər hesab edirlər ki, bu faciə Prezident Ərdoğanın seçkilərdə iştrakına mənfi təsiri olacaq. Bu absurd bir yanaşmadır. Məlum məsələdir ki, zəlzələnin ağır nəticələrinin aradan qaldırılması üçün bütün məsuliyyət dövlət başçısı kimi, Ərdoğanın üzərinə düşür. Hesab edirəm ki, bu dəfə də, o, yaranan problemləri aradan qaldıraraq iqtidarın mövqeyini gücləndirəcək. Ərdoğan vətəndaşlar arasında yüksək reytinqə malikdir və bu reytinqini qoruyub saxlıyacaq”- Fuad Əliyev qeyd edib.