Lavrov Ermənistanın işğalçı tərəf olduğunu ermənilərin başına vurdu
Rusiyanın İrəvandakı səfiri XİN rəhbəri Mirzoyana xatırladıb ki, Ermənistan dövlət olmasına görə kimə borcludur; daha öncə Kremlin baş diplomatı erməniləri işğalçı adlandırmışdı - Moskvanın sıxma-boğmada məqsədi nədir?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin arasında görüş olub. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu görüş həm də Stalinqradın azad olunmasının 80 illiyinə təsadüf edib.
Kopırkin Mirzoyanla görüşündə deyib ki, Stalinqrad azad olunmasaydı, Almaniya qalib gəlsəydi, o vaxt Türkiyə Ermənistanı işğal edərdi. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24" telekanalına müsahibəsində Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayıb: ”Rusiya əraziləri saxlamaq istəyən Ermənistanın əvvəlki rəhbərliyinin o qədər də yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif etdi. Azərbaycan ona məxsus olan torpaqları qaytardı".
Bir sözlə, Lavrov Ermənistanın işğalçı tərəf olduğunu ermənilərin başına vurdu. Sual oluna bilər ki, Kreml İrəvanın xirtdəyindən yapışıb sıxmağa davam etdikcə onu özünə çəkməyə, yenidən peykinə qaytarmağa nail ola biləcəkmi? Avroatlantik məkana inteqrasiya xətti tutduğu görünən Paşinyan komandasının Rusiya ilə münasibətləri hara qədər belə gərgin tonda davam edəcək?
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev isə Rusiyadan Lavrov və səfir səviyyəsində ismarışları təsadüfi saymır:
“Rus ekspertləri də tez-tez ermənilərin yadına salırlar ki, varlığınız üçün bizə borclusunuz. Sizə dövləti də biz yaratmışıq, sizin bölgədə yaşamağınıza da dəstək vermişik, ordunuzu silahlandırmışıq, dəmiryollarınız əlimizdədir, indi nə üzümüzə ağ olursunuz?! Yəni mesajları mən belə qiymətləndirirəm. Rusiya Ermənistanın təzə ağa axtarmasını, yeni qucaq tapmasını qəbul etməyəcək. Məncə, Putin Paşinyanı hələ lazımı qədər sıxmayıb. Rusiya Ermənistana təzyiq göstərmək üçün böyük resurslara malikdir, onun cüzi hissəsini göstərib. Ermənistanın Avropa İttifaqını sərhədə çağırması, Gümrü qarşısında aksiyalar təşkil etməsi bağışlanmayacaq. Paşinyan strateji seçim etdiyini göstərir və Rusiya bu ölkəni əldən verməyəcək. Əslində ermənilər ruslara minnətdar olmalıdırlar, onların Rusiyaya daha çox ehtiyacı var. Əgər Paşinyan Avropa ilə əlaqələri inkişaf etdirmək istəyirsə, bunu Rusiyanı qıcıqlandırmadan, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıraraq etməlidir”.