Fuad Əliyev: Bu, absurd bir yanaşmadır
Qardaş Türkiyədəki dəhşətli zəlzələ Azərbaycanı dərindən sarsıdıb. Hazırda gündəmin əsas müzakirə, izlənilən mövzusu bu faciədir. Türk xalqının faciəsini onlarla birlikdə yaşamaqdayıq.
Bu il mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri də zəlzələnin fonunda müzakirələr sırasındadır. Doğrudur, əksəriyyət bu seçkilərin ertələnə biləcəyini düşünür. Burada Ərdoğan iqtidarının taleyi də söz konusudur. Əgər o seçkilərdə qalib gəlməzsə, bunun Azərbaycana da birbaşa təsirinin olacağı qeyd edilir və ermənilərin də bu durumdan yararlanmaq niyyətlərnin baş qaldıracağı indidən istisna edilmir.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Ərdoğanın qalib gələcəyini düşünür:
“Hesab etmirəm ki, zəlzələnin Qarabağ danışıqlarına mənfi təsiri olsun. Qarabağ danışıqlarında iki tərəf var-Azərbaycan və Ermənistan. Burada digər öz maraqlarını güdən ölkələr var. Ola bilər ki, kimsə hesab etsin ki, zəlzələ Türkiyəni bu məsələdən kənarlaşdıracaq. Amma hesab edirəm ki, Türkiyə Azərbaycanla olacaq və heç nəyə baxmayaraq sona qədər bizi dəstəkləyəcək. Hətta müharibə olsa belə, bizi dəstəkləyəcək. Onu da hesab etmirəm ki, Ərdoğan seçiləri uduzacaq. Bəzi ekspertlər düşünürlər ki, bu faciənin Ərdoğanın seçkilərdə iştirakına mənfi təsiri olacaq. Bu, absurd bir yanaşmadır. Məlum məsələdir ki, zəlzələnin ağır nəticələrinin aradan qaldırılması üçün bütün məsuliyyət dövlət başçısı kimi Ərdoğanın üzərinə düşür. Hesab edirəm ki, o, bu dəfə də yaranan problemləri aradan qaldıraraq iqtidarın mövqeyini gücləndirəcək. Ərdoğan vətəndaşlar arasında yüksək reytinqə malikdir və bu reytinqini qoruyub saxlayacaq. Bir də ki, Ərdoğan seçildi və yaxud seçilmədi, qardaş Türkiyə daimi Azərbaycanın yanında olacaq. Necə ki, Azərbaycan Türkiyənın yanındadır. Ona görə ermənilər fikirləşməsin ki, Türkiyənin indiki durumdan istifadə edib, Fransadan, İrandan dəstək alıb, bizə hücum etsinlər. Hücuma keçsələr, bizim ordumuz ermənilərə layiqli cavablarını verəcək”.