Çağırışlar və ümidlər forumu - FOTO

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edib. 9-11 mart tarixlərində Bakıda X Qlobal Bakı Forumu keçirilib. Prezidenti İlham Əliyevin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilən Forum bu dəfə “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusuna həsr olunub.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Beynəlxalq tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun aparıcı beynəlxalq platformalardan birinə çevrilməsi ilə bağlı mühüm nailiyyətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) İdarə Heyətinin üzvlərini təbrik edib. Bu ilin yanvar ayında Davos Dünya İqtisadi Forumunda, fevralda Münhen Təhlükəsizlik Konfransında iştirak etdiyini xatırladan dövlət başçısı vurğulayıb ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın üç zirvə toplantısının təşkil edildiyini, hərəkatın institusional inkişafına böyük diqqət ayrıldığını, COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirildiyini, irəli sürülən təşəbbüslərin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildiyini xatırladıb. Dövlətimizin başçısı soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş ən ciddi Şərq-Qərb qarşıdurmasından, Ermənistan-Azərbaycan münasibətlərindən, sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı məsələlərindən, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan, ölkəmizin tranzit imkanlarından, nəqliyyat-logistika mərkəzinə çevrilməsindən də danışıb. Çıxışının sonunda o, Forum iştirakçılarını gələcəyimizi planlaşdırmaq üçün dəyərli ideya və tövsiyələrlə çıxış etməyə, beləliklə də dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə səsləyib. Forum panel müzakirələrlə öz işini davam etdirib.

X Qlobal Bakı Forumunun əhəmiyyətini şərh edən deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanın 10 ildir ev sahibliyi etdiyi beynəlxalq tədbir müxtəlif tərəflərin fikirlərini toplayan mühüm platformadır. O, Bakının artıq dünyanın ən aktual problemlərinin müzakirə olunduğu Davosa çevrildiyini bildirib:

“Qlobal Bakı Forumu Azərbaycanın uğurlarının dünyaya təqdimatı üçün daha bir mühüm platformadır. Artıq 10 ildir təşkil olunan tədbirdə dünyada baş verən ən aktual problemlər müzakirə olunur. Bu günlərdə isə “Bakıda dünyanın sülh və sabitlik uğrunda mübarizəsinə dair səfərbərlik elan olundu” desək, yanılmarıq. Azərbaycan bu mənada mühüm bir təşkilatçı rolunu oynadı. Hadisələrə rəsmi Bakının prizmasından baxsaq görərik ki, Cənubu Qafqazda təhlükəsizlik bu gün dünyanın gələcək təhlükəsizlik arxitekturasında mühüm elementlərdən biridir. İkinci dünya müharibəsindən sonra ilk dəfədir ki, beynəlxalq təşkilatlar dünyanın yeni nizamı ilə bağlı böyük çətinlik və ziddiyyətlər qarşısında qalıblar. Bu müddət ərzində dünyada indiki qədər miqrasiya baş verməyib. Bu miqrasiya problemlərini orta əsrlərdə baş vermiş xalqların böyük köçünə bənzətmək olar”.

Millət vəkilinin sözlərinə görə, dünyanın demoqrafik, etnosiyasi, etnomədəni balansını dəyişəcək səviyyədə miqrasiya prosesi baş verir ki, bu, təhlükəsizlik üçün böyük təhdiddir:

“Çünki bundan sonra bəlkə də, mədəniyyətlərin ünsiyyəti, dialoqu, adaptasiyası, qarşıdurması mərhələsi gələcək. Şərqi Avropada baş verən müharibələr kontekstində yalnız Ukraynadan Avropaya 20 milyon insan miqrasiya edib. Bunun üzərinə Cənub Şərqi Asiyanı, Banqladeşi, Şimali Afrikanı, Suriyanı, digər ərəb ölkələrini gəldikdə görərik ki, dünya bir xaos içindədir. Buna bir nizam vermək o qədər də asan məsələ deyil. Bunun üçün fəaliyyətdə olan siyasətçilərin, prezidentlərin, baş nazirlərin, parlament sədrlərinin, beynəlxalq təşkilat rəhbərlərinin təcrübəsinə, intellektinə dayanan gücdən istifadə olunmalıdır. Bu güclər Bakıda toplaşırlar. Onlar dünyanın yeni nizamının, təhlükəsizlik arxitekturasının necə olacağına dair istiqamət müəyyənləşdirirlər. Bununla bağlı ideyalar irəli sürülür. Latviyanın eks-prezidentinin qeyd etdiyi kimi, Qlobal Bakı Forumu ideyalar və fikirlər mübadiləsi habıdır. İndiyə qədər hansısa beynəlxalq təşkilata, foruma bu cür fundamental qiymət verildiyini xatırlamıram”.

Deputat H.Babaoğlu bildirib ki, ideya istehsalı çox mürəkkəb prosesdir. Onun qənaətincə, bunun üçün intellektual potensial və təcrübə önəmlidir:

“Amma bu da hər vaxt baş verən hadisə deyil. Qlobal Bakı Forumu bu missiyanı yerinə yetirir, dünyanı ideyalarla zənginləşdirir. Bu ideyalar da gələcək dünyamızda sabitliyi, təhlükəsizliyi təmin edəcəkdir. Nəzərə alaq ki, bəşəriyyət yeni, qeyri-müəyyən tarixi mərhələ astanasındadır. Məhz belə bir mərhələdə Qlobal Bakı Forumu və orada səsləndirilən ideyaların mühüm əhəmiyyəti önə çıxır”.

0.40963792800903