Azərbaycanı Aİ-nin sanksiyaları ilə təhdid edən Rasmussen Ermənistanda ikiüzlü olduğunu təsdiqlədi - RƏY+FOTO

“Azərbaycanı Avropa İttifaqının mümkün sanksiyaları ilə təhdid edən NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Ermənistanda əsl mahiyyətini ortaya qoyaraq ikiüzlü şəxsiyyət olduğunu təsdiqlədi”.

Bu fikirləri “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Rasmussen Ermənistanda səfərdə olarkən Azərbaycanla bağlı bir sıra təxribatçı açıqlamaları ilə yadda qalıb:

“Rasmussen Azərbaycanla bağlı absurd fikirlər səsləndirib və rəsmi Bakını mümkün “qırmızı xətti” keçəcəyi təqdirdə, təhdid etməyi də unutmayıb. Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıq ola-ola bu yolun dərhal və şərtsiz açılmasını Azərbaycan hökumətindən tələb edən Rasmussen erməni konyakının ab-havasında qeyri-adekvatlığını bütün dünyaya bir daha təsdiqlədi”.

Politoloq qeyd edib ki, NATO-nun Baş katibi olduğu zaman Bakıya səfərə gəlmək üçün illərlə qapımızı döyən Rasmussen Azərbaycanda merkantil məqsədinə çatmayacağını görərək, uzun müddətdir ermənilərlə çox dərindən əməkdaşlığa başlayıb:

“NATO-da vəzifədə olduğu dövrdə Azərbaycanı dəyərli və mühüm tərəfdaş adlandıran Rasmussen fürsət tapdıqca daima Ermənistanı müdafiə edən bəyanatları ilə seçilirdi. Misal üçün, 2012-ci ildə İrəvanda tələbələr qarşısında çıxış edərkən, Ramil Səfərovun azad olunmasını regionda sülhün yaranmasına maneə törədən addım kimi qiymətləndirmişdi. Hərçənd, Azərbaycan və Macarıstan arasında beynəlxalq qanunlar və hüquqi normalar çərçivəsində həyata keçirilən ekstradisiyanı NATO-nun Baş katibinin şərh etməsinə heç bir zəruriyyət yox idi”.

Z.Məmmədov, həmçinin bildirib ki, hələ NATO-nun Baş katibi olduğu dövrdə erməni diasporası ilə sıx əlaqələrə malik olan Rasmussen öz siyasi statusundan şəxsi məqsədləri üçün istifadə etməyə başlamışdı.

“Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu ölkəyə yolu açılan Rasmussen və onun arxasındakı qüvvələr Ukraynada Kremlə qarşı cəbhə açdıqdan sonra növbəti hədəflərini İrəvanda reallaşdırmaq istəyirlər. Yoxsa heç bir dövlətin və beynəlxalq təşkilatın lideri olmayan Anders Foq Rasmussen niyə İrəvana səfər etsin və səfər çərçivəsində regionun gələcək geosiyasi konfiqurasiyasına təsir edə biləcək hədəflərini açıqlasın? O, Ermənistandadakı çıxışı zamanı açıq-aşkar şəkildə rəsmi İrəvana Kremldən uzaqlaşmağı və yeni “dostlar”ı bölgəyə gətirməyə çağırıb”, - politoloq əlavə edib.

Z.Məmmədovun sözlərinə görə, görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Zəngəzurda Avropa İttifaqının xüsusi missiyasını yerləşdirdikdən sonra Qarabağa da beynəlxalq aktorları gətirmək istəyir:

“Dünən bu məsələyə toxunan Rasmussen Paşinyandan da bir qədər irəli gedərək monitorinq-müşahidəçi missiyasındansa, BMT mandatı altında sülhməramlıların daha effektiv olacağına eyham vurdu. Bütün bunlar onu deməyə əsas verir ki, biriləri bölgəni Rusiya və Qərb arasında növbəti müharibə meydanına çevirməyi hədəfləyir. Qarabağda Kosovo ssenarisini düşünənlər başa düşməlidirlər ki, onların hədəflərinə çatması mümkün olmayacaq.

Rasmussen, Paşinyan, Makron və digərlərinin məkrli planları Azərbaycan tərəfindən rədd ediləcək. Onlar unutmasınlar ki, Qarabağ beynəlxalq miqyasda Azərbaycanın tanınmış ərazisidir və heç kimin rəsmi Bakının icazəsi olmadan bölgəyə sülh adı altında hansısa missiyaları göndərməyə haqqı yoxdur. Ermənistan rəhbərliyi Soçi, Brüssel, Vaşinqton, Praqa və Münhendə üzərinə götürdüyü öhdəlikləri dərhal yerinə yetirməlidir”.

“Ermənistan Baş nazirinin də imzası olan Üçtərəfli Bəyanatın pozulması, bu ölkənin Azərbaycanın sərhədlərinə hörmətsiz yanaşması, ərazimizdə hələ də erməni terrorçularının mövcudluğu rəsmi Bakıya məsələni istənilən yolla həll etməyə imkan verir. Bu gün müstəqil və suveren siyasət aparan, bölgəni hegemon qütblər arasında geosiyasi mübarizə meydanına çevirməyə mane olan, öz milli maraqlarını həyata keçirən Azərbaycan bütün maneələrə baxmayaraq, tarixi ədalətin bərpasına bundan sonra da davam edəcək, Qarabağla bağlı bütün çağırışları dəf edəcək”, - politoloq deyib.

0.21800994873047