Canni De Byazi: “Rəqib güclüdür, amma mən komandama güvənirəm”

“Bizi çətin oyun gözləyir. Rəqib güclüdür, qələbə qazanmağa çalışacaq. Amma mən komandama güvənirəm”.

“Report”un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə İsveçə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, həyatda yalnız nəyəsə nail olmaq istəməyən adamlar səhv etmirlər:

“Öz yolumuzla getməyə davam edəcəyik”.

O, rəqibi yaxşı analiz etdiklərini söyləyib:

“Hansı sistemlə oynadıqlarını bilirik. Ən əsası, özümüzdən çox şey asılıdır. Son matçdan dərs çıxarmalı, sabah ən yaxşı oyunumuzu göstərməliyik”.

67 yaşlı mütəxəssis start heyətilə bağlı dəyişiklik olacağını istisna etməyib:

“Görüşə kimi hələ vaxtımız var. Buna oyun günü qərar verəcəyik. Bəzi futbolçularda xırda problemlər var. Qapıçının müəyyən səhvləri oldu, ona dəstək olmalıyıq. Təcrübə qazanması üçün bu cür matçlar vacibdir”.

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki “Frends Arena”da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

0.66401100158691