Əlisahib Hüseynov: Bu cür xoşagəlməz olaylar cəmiyyətdə partiyalara qarşı inamı sarsıdır

Ötən gün Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədlinin dələduzluqda təqsirləndirilərək, barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanması və həbs qətimkan tədbiri seçilməsi xəbərini eşidəndə bir çoxları kimi mən də əvvəlcə bu xəbərin doğruluğuna inanmaq istəmədim. Çünki partiya sədri hara, barəsində dələduzluq maddəsi ilə cinayət işinin açılması hara deyə düşündüm.

Amma ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçinin olması və onun həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilməsinin detalları, təfərrüatları ilə bağlı bir qədər ətraflı araşdırma apardıqdan sonra sözün açığı, məni həm təəssüf, həm də təəccüb hissi bürüdü. Müxalif partiya sədrinin bu qədər böyük maliyyə mənimsəmələrində ittiham olunması əlbəttə, heç də xoş deyil. Ancaq şikayətçilərin də obyektivliyinə, qərəzsizliyinə zərrə qədər şübhə edə bilmərik. Çünki onlardan bəziləri üzdə olan, cəmiyyətdə kifayət qədər müsbət imiclə tanınan şəxslərdir. Məsələn, Oqtay Qasımovu hamımız ləyaqətli, əqidəli insan kimi tanıyırıq. Oqtay bəyin kimisə ləkələməsi, kiməsə böhtan atması əsla inandırıcı deyil. Bu baxımdan bu gün Anar Əsədlinin həbsini siyasiləşdirənlərin Oqtay Qasımov kimi öz təmizliyi, ləyaqəti, əqidəsi ilə bir çoxlarına örnək ola biləcək bir şəxsə dil uzatması, onun üzərinə getməsi tamamilə yolverilməzdir.

Bəziləri iddia edir ki, bu gün ölkəmizdə adam həbs etmək, xüsusilə də siyasi lideri həbsə atmaq ən asan işə çevrilib. Bu yanaşma da kökündən yanlışdır. Siyasi partiya sədrinin həbs olunması elə-belə məsələ deyil. Bir partiya sədrinin həbs olunması doğrudan da böyük hadisədir, olduqca ciddi məsələdir. Odur ki, hər hansı bir partiya sədrinin həbsinə heç də asanlıqla qərar verilmir. Bu mənada, bu ölkədə siyasi liderləri həbsə atmağın asan işə çevrildiyini iddia edənlərin əslində siyasi reallıqlardan xəbəri yoxdur. Həmin iddianın müəlliflərinin qəribə məntiqi ilə düşünsək, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və s. müxalifət liderlərini lap çoxdan həbs etməli, susdurmalıydılar. Çünki onlar Anar Əsədlidən də qat-qat artıq radikal mövqe sərgiləyir, hakimiyyət əleyhinə kifayət qədər sərt fikirlər səsləndirirlər. Lakin bu çıxışlarına görə onları nə gözümçıxdıya salan, nədəki şərləyib həbs etdirən var. Çünki hakimiyyət müxalifətin varlığını qəbul edir və müxalifətlə münasibətləri siyasi dialoq müstəvisində, yeni siyasi konfiqurasiya anlayışı ilə tənzimləməyə çalışır.

“Ləkələyiblər, şərləyiblər” kimi ifadələri sağa-sola səpələyib dələduzluq faktını ört-basdır etmək, olayı siyasiləşdirmək şübhəsiz ki, çox asandır. Ancaq bütün bunlar şablon ifadələrdir. Çünki ləkələmək ehtimalının özünü də sübut etmək lazımdır. Bu gün Azərbaycanda onlarla partiya sədri var, o zaman bəs onları niyə şərləmirlər? Yəni demək istədiyim odur ki, bu ölkədə heç kimi, heç bir partiya sədrini, heç bir QHT rəhbərini, sayt baş redaktorunu, icra başçısını durduğu yerdə, əsassız-səbəbsiz olaraq həbs etmirlər. Kim saxlanılırsa, həbs olunursa demək ki, ortada kifayət qədər təkzibolunmaz dəlillər, sübutlar vardır.

Xatırlayırsınızsa, son illərdə həbs olunan bir çox məmurlar, icra başçıları da əvvəlcə mələk obrazına girməyə və hamını rüşvət almadıqlarına, dövlət əmlakını mənimsəmədiklərinə inandırmağa çalışırdılar. Lakin istintaq və məhkəmə gedişində böyük məbləğdə mənimsəmə faktları ortaya çıxanda onların səsləri “xırp” kəsildi.

Odur ki, Anar Əsədlinin şərlənməsi, ləkələnməsi iddiası da absurddur, onun həbsinin pərdəarxasında siyasi motivlər axtarmaq yersizdir. Bir partiya sədrinin 178-ci maddə ilə (dələduzluq ittihamı ilə) təqsirləndirilməsi və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbirinin seçilməsi heç bir halda siyasi sifariş ola bilməz və bu maddə ilə tutuqlanan bir şəxsdən “siyasi məhbus” obrazı düzəltmək də tamamilə qeyri-ciddilikdir. Ortada real faktlar var və real zərərçəkmiş şəxslər də var. Onların Yüksəliş Partiyasının sədrinə şər atması, ləkələməyə çalışması qeyri-mümkündür. Çünki onların bəzilərinin sözügedən partiya sədri ilə uzun illərə dayanan dostluq, tanışlıq münasibətləri var.

Bayaq da qeyd etdiyim kimi şikayətçilərdən biri də mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovdur. Mən bu gün Oqtay bəyin Anar Əsədlinin həbsi ilə bağlı mediaya verdiyi müsahibəsini diqqətlə izlədim. Adam Anar Əsədlini həbsə doğru aparan faktları, gerçəkləri dərin təəssüf hissilə açıqlayıb və sual doğuran məsələlərə, əsassız iddialara da tam aydınlıq gətirib. Müsahibədən də görünən budur ki, Oqtay bəy əvvəlcə uzun müddət səbr və təmkinlə davranıb, hüquq-mühafizə orqanlarına şikayət etməkdən də, mətbuata açıqlama verməkdən də mümkün qədər yayınmağa çalışıb və düşünüb ki, məsələ normal şəkildə danışıqlar yoluyla həllini tapa bilər və başqa yönə istiqamətləndirilməz. Lakin Oqtay Qasımovun gözləntiləri doğrulmayıb. Əksinə, o, ötən ilin oktyabr ayında hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra sosial şəbəkələrdə və ictimai rəydə partiya sədri və onun ətrafındakı şəxslər, funksionerlər tərəfindən Oqtay Qasımova qarşı mənəvi terror başladılıb, onun hüquq-mühafizə orqanlarına müraciət etməsini isə “guya hansısa dövlət qurumu tərəfindən təşkil olunmuş şikayət, Anar Əsədliyə qarşı siyasi təzyiq” adlandırıb və məsələyə siyasi don geyindirməyə çalışıblar.

Bir sözlə, həmin şəxslər 178-ci maddə ilə həbs olunmaq, cəmiyyətin gözündən düşmək perspektivi ilə üzləşən AY Partiya sədrinin barəsində həbs qətimkan tədbirinin seçilməsini siyasiləşdirmək xəttini seçiblər. Başqa sözlə desək, Anar Əsədlidən “zorən siyasi məhbus” obrazı düzəltmək istəyirlər. Çünki bu taktika sözügedən partiya sədrini “sudan quru çıxarmaq” üçün, onun üzərindən dələduzluq ittihamını götürmək üçün ən optimal variantdır. Ona görə də Anar Əsədlinin yaxınları onun məsələsini nəyin bahasına olursa-olsun siyasiləşdirməyə çalışırlar.

Lakin adam partiya sədri olduğuna görə onun həbsi də mütləq siyasi motivlidir deyə bir qayda, bir ənənə, bir presedent yoxdur. Çünki partiya sədri də nəhayətdə bir insandır və onun da adi insanlar kimi istənilən kriminal cinayət əməli törətməsi ehtimalı prinsipcə mümkündür. Odur ki, əgər bir partiya sədri hər hansı bir kriminal hərəkətə görə tutuqlanırsa, onun həbsi siyasi motivlərə görə yox, hüquqi əsaslara görə gerçəkləşir.

Bu baxımdan cinayət tərkibi olan bir məsələni zorla siyasiləşdirmək cəhdi Don Kixotun yel dəyirmanı ilə savaşı kimi anlamsızdır və həm də “Sizif əməyi”dir. Dələduzluq maddəsi ilə ittiham olunan bir şəxsdən siyasi məhbus obrazı düzəltmək mümkün deyil. Yazıçıdan “zorən diplomat” formalaşdırmaq bəzən mümkün ola bilər, lakin kriminal motivli bir hadisəni siyasi motivli hadisə kimi, siyasi sifariş kimi tövsif etmək əsla mümkün deyil. Ancaq Oqtay Qasımovun müsahibəsindən isə belə anlaşılır ki, bu gün Anar Əsədlini müdafiə edən bəzi şəxslər hüquqi olan bu məsələni israrla siyasiləşdiməyə cəhd edirlər. Guya, “Anar Əsədli müxalif lideri imiş, hakimiyyətə təhlükə yaradırmış və məhz buna görə ona bu cür təzyiq edilir, burada heç bir hüquqi əsas yoxdur və bu istintaq hamısı boş şeydir, onun əməlində heç bir cinayət tərkibi yoxdur və s”. Lakin Oqtay bəy faktlarla əsalandırır ki, AY Partiya sədrini müdafiə edənlərin bu yanaşmaları tamamilə yanlış yanaşmadır.

Maraqlıdır ki, sosial şəbəkələrdəki bir çox rəylərdə də bu həbsə verilən reaksiyalar da Oqtay bəyin fikirləri ilə üst-üstə düşür. Sosial şəbəkə istifadəçilərindən biri ümumiləşdirmə apararaq yazıb ki, “nə xuliqan, dələduz müxalifətimiz var imiş”. Düzdür, bu rəyi yazan şəxs Anar Əsədlinin simasında bütün müxalifəti hədəf seçib. Ancaq bu belə deyil. Bütün müxalifəti xuliqan, dələduz hesab etmək olmaz. Müxalif qüvvələr arasında sağlam əqidəli, vicdanlı, dürüst insanlar da var. Lakin necə deyərlər, qurunun oduna yaş da yanır.

Başqa bir sosial şəbəkə istifadəçisi isə Anar Əsədlinin həbsi ilə bağlı sual xarakterli rəyində soruşur ki, “pul atıb və siyasi məhbus sayılır?”. Bu da məntiqli yanaşmadır. Ona görə də növbəti bir sosial şəbəkə istifadəçisi A.Əsədlinin siyasi zəmində müdafiəsini təşkil etmək istəyən şəxslərə ünvanladığı rəyində rica edib ki, “lütfən, bundan da siyasi məhbus düzəltməyin”.

Ümid edək ki, bütün bu çağırışlar, müraciətlər Yüksəliş Partiyasının başqanının siyasi müdafiəsinə qalxan şəxslər tərəfindən nəzərə alınacaq. Alınmalıdır da. Çünki kriminal işlə siyasəti qarışdırmaq olmaz. Bu gün cinayət tərkibi olan bir hadisəni siyasi hadisə kimi təqdim etsək, biz bununla ölkə siyasətində zərərli bir ənənənin əsasını qoymuş olarıq.

Bu ölkədə hamı (o cümlədən partiya sədrləri də) qanun qarşısında bərabərdir. Ona görə də məsələni siyasiləşdirmək əvəzinə, istintaqın nəticələrini, məhkəmənin qərarını gözləməliyik. Adamın cinayət əməli faktlarla sübut olunarsa, qanunun tələblərinə müvafiq surətdə mühakimə olunacaq və buna uyğun da cəzasını alacaq. Cinayət tərkibi sübut olunmazsa həbs olunmayacaq.

Bir acı həqiqəti də nəzərə almalıyıq ki, bu cür xoşagəlməz olaylar cəmiyyətdə partiyalara qarşı inamı sarsıdır. Bir partiya sədrinə görə bütün partiyalara inam azalır, insanlarda siyasi apatiya yaranır. Ona görə də partiya sədrləri insanlarımızı siyasətdən uzaqlaşdıran hallara yol verməməlidir. Siyasətçilərimiz kriminal xəbərləri ilə yox, siyasi uğurları ilə gündəmə gəlməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

0.11526083946228