Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirildi - FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.

DSX-dən verilən məlumata görə, mərasim iştirakçıları Fəxri Xiyabanda dahi öndər Heydər Əliyevin məzarını ziyarət edərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Məzunlar adından çıxış edən leytenant Qoşqar Mirzəyev Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnmələri, Akademiyanı uğurla başa vurmaqları üçün əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirib.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik edib, Dövlət Sərhəd Xidmətinin gənc zabitləri sırasına daxil olduqları dövrün zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, milli sərhəd strategiyasının banisi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində baş tutması ilə əlamətdar olmasını qeyd edib.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, Dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üçrəngli Dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanıb.

DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı uğurla başa çatdırılıb.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd edilib.

Gənc zabitlər tədbirin sonunda Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsinin və xalqımızın çoxəsrlik tarixinin təbliğinə töhfə verən muzey və sərgilərlə yaxından tanış olublar.

Mərasim başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik edib, gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirib.

5.9777660369873