Füzulidə özbək xalqı adından hədiyyə olunan məktəbin hazır olacağı vaxt açıqlandı - FOTO

“Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olunan 960 şagirdlik məktəb inşa olunur və layihəyə əsasən tikinti işlərinin bitməsi bu ilin sonuna gözlənilir”.

Bunu “Report”a açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib.

“Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır.

Füzuli şəhərinə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alacaqlar. Cənab Prezident söylədiyi kimi, bu məktəb bizim xalqlarımızın qardaşlığının rəmzi olacaq”-deyə, o bildirib.

{gallery}

0.47171592712402