Avarçəkmə üzrə “Prezident Kuboku-2023” reqatasının bağlanış mərasimi keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bakunews.media xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko təkcə qalibləri deyil, bütün iştirakçıları təbrik edib. O, yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib.

Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana çıxışında qeyd edib ki, yarış yüksək səviyyədə təşkil olunub: “Azərbaycan ən böyük yarışlara ev sahibliyi etməyə qadirdir”.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov öncəki illərlə müqayisədə reqatada inkişafın olduğunu bildirib. O, artıq Bakıda da bu idman növü ilə məşğul olmaq üçün şərait yaradıldığını qeyd edib:

“Azərbaycanda idman üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva daim idmançılara qayğı göstərirlər. Bu idman növündə də inkişaf görürük. İlk yarışa dörd ölkədən idmançılar qatılmışdı, daha sonra say 12-yə çatdı. Bu dəfə isə artıq 20 ölkə iştirak etdi. Bu, böyük inkişafdır. Federasiya prezidenti Vüqar Əhmədov və komandasını ürəkdən təbrik edirəm. Artıq Bakıda da bu idman növü ilə məşğul olmaq üçün şərait yaradılıb. Hamını idmanla məşğul olmağa çağırıram”.

Rəsmi şəxslərin çıxışlarından sonra qalib idmançıların təltifetmə mərasimi keçirilib. Xatırladaq ki, Azərbaycan avarçəkənləri “Prezident Kuboku-2023” reqatasını 14 medalla başa vurublar.

Mükafatlandırma mərasimindən sonra bağlanış mərasiminin bədii hissəsi başlayıb.

Faiq Tahirov

19:07

Bu gün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilir.

Federasiyadan Bakunews.media-a verilən məlumata görə, saat 19:00-da start götürmüş və Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında, dəniz kənarında təşkil olunan bağlanış mərasimində idmançıların mükafatlandırılması ilə yanaşı bədii hissə də keçiriləcək.

Sürprizlərlə dolu qala tədbirdə “3D” effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası yaddaşlarda unudulmaz iz qoyacaq.

0.44129014015198