Növbəti danışıqlara hazırlıq: Azərbaycan oyunu daha böyük lövhədə qurur - TƏHLİL

Nüfuzlu “Financial Times”ın yazdığına inansaq, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan danışıqların növbəti raundunu Brüsseldə keçirə bilərlər.

Avropa İttifaqı Prezidenti Şarl Mişelin moderatorluğu ilə keçiriləcək görüş ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dördgünlük müzakirələrindən sonraya təsadüf edəcək.

Prinsipcə, tərəflər Vaşinqton episentrli müzakirələrin yarada biləcəyi perspektiv öhdəliklərin Brüsseldə davamını gətirməyə çalışacaqlar.

Ancaq Azərbaycanla Ermənistanın prinsipial məsələlərdəki ritorikası dəyişməyib, İrəvan yenə gah müharibədən, gah sülhdən danışır, Bakı isə sərhədlər üzərindəki nəzarət zolağının genişlənməsində israr edir.

Bakının tələblərinin məzmununu Zəngəzur dəhlizi layihəsində axtara bilərik, çünki sərhədlərlə bağlı ən üstün mövqelər koridorun açılması üçün həlledici açarlardan birinə çevrilir.

Ancaq Ermənistan dəhliz parametrlərinə razı olmadığına görə başqa bir sferada Azərbaycanın sülhə məcburetmə xəttinin bəzi istiqamətləri ilə razılaşır.

Məqsəd Azərbaycanın böyük ölçüdəki manevrlərini və gələcək hədəfləri üçün atacağı addımları soyutmaqdır. Yəqin, buna görədir ki, Nikol Paşinyan 1975-ci il xəritələri əsasında işğal altında olan kəndlərin Azərbaycana qaytarıla bilməsindən danışır.

Bunun özü böyük ölçüdə ABŞ danışıqlarının nəticələrini ortaya qoyur, lakin burada Vaşinqton Moskva ilə əqrəbləri tutuşdurmalıdır. Çünki Rusiya Baş Qərargahının arxivində həmin xəritələr mövcuddur və bu danışıqlarda koordinasiyalı iş tələb edir.

Nikol Paşinyan Brüsseldən əvvəl, mayın 9-da Moskvada olarkən koordinasiya tələb edən məsələlər ətrafında Kremlin yardımını istəyəcək.

İkinci bir məsələ budur ki, Paşinyan açıq-aydın kontekstlə oyun oynadığını və regionda Rusiyanın maraqlarını şişirtməyə yardım edə biləcəyi vədini verə bilər.

Hər bir ehtimala qarşı, Paşinyanın etibarlı olmadığı və tez-tez buqələmun kimi dəyişdiyi təcrübələri göz önünə gətirilməlidir.

Buna görə də Azərbaycan oyunu daha böyük lövhədə - Zəngəzur dəhlizində - qurmalıdır ki, İrəvanın perspektiv davranışlarını maksimal dalanda saxlasın.

Bakı üçün bu məhdudlaşdırma əməliyyatları çox vacibdir, çünki regional və beynəlxalq konfiqurasiya bir sıra təhlükəsizlik qayğıları yaradır.

Azərbaycan təhlükəsizlik narahatlıqlarının öhdəsindən gəlmək üçün sabitlik və sülhün formulunu Zəngəzur dəhlizində axtarmaqda haqlıdır, ona görə ki, həmin koridor həm də sərhədlərin təhlükəsizliyini zəmanət altında saxlayar.

Üstəgəl, dəhlizlə bağlı Ermənistanın qeyri-stabil mövqeyi Azərbaycanın digər qonşusu İranın da ritorikasına təsir göstərir və Tehran regional bağırtı səslərini ucaldır.

Deməli, Azərbaycan Ermənistanı öz maksimal mövqelərinə yaxınlaşdırdıqdan sonra növbəti mərhələdə beynəlxalq oyunçuları İrəvan üzərində yarana biləcək yeni reallıqlara inandırmalıdır.

Danışıqların növbəti mərhələsində ən böyük məsələ olan Zəngəzur dəhlizi ilə bağlı parametrlərin razılaşdırılması üzrə niyyət ifadə oluna bilər.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi isə rəsmi Bakının zəmanəti altındadır. Bu mənada həmin məsələlərlə bağlı öhdəlik götürəsi tərəf Ermənistandır ki, o, Azərbaycanın daxili işlərinə qarışmayacaq.

Danışıqların intensivliyi sülh gündəmindəki ümumi razılıq əlamətlərini ifadə etsə də, daha geniş panoramda Azərbaycanla Ermənistanın razılığa gəlməməsini hesablaya bilərik.

Bunun səbəblərindən biri də regionla bağlı yüksələn ambisiyalardır, indi Azərbaycan danışıqlarla həmin iddialı narrativləri təhlil etmək üçün fürsət qazanacaq.

Aqşin Kərimov

0.37187910079956