İnam Kərimov: “Məhkəmə-hüquq islahatları öz töhfəsini verir”

“Məhkəmə hakimiyyətində islahatlar dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir”.

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizin məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoyub.

“Sözügedən Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırıldı. Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu, məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində bu gün də mühüm işlər həyata keçirilməkdədir”, - Ali Məhkəmənin sədri vurğulayıb.

0.49225902557373