TASS Heydər Əliyevin SSRİ-dəki uğurlu fəaliyyətindən yazdı

“Mayın 10-da Rusiya və Azərbaycanda sovet dövlət xadimi, SSRİ Nazirlər Soveti sədrinin keçmiş birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur”.

Bu barədə Rusiyanın TASS İnformasiya Agentliyinin ulu öndərin yubileyinə həsr etdiyi məqalədə deyilir.

Nəşrdə SSRİ Nazirlər Soveti sədrinin köməkçisi, SSRİ Nazirlər Soveti Bürosu sədrinin sosial inkişaf üzrə birinci müavini İqor Prostyakov, Heydər Əliyevin köməkçisi Yuri Nikolayeviç Soloduxin, Heydər Əliyevin mühafizə rəisinin müavini, SSRİ DTK-nın 9-cu şöbəsinin zabiti Viktor Nemuşkov, “Birinci Kanal”ın baş əməkdaşı Kaleriya Kislova, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Camal Camalov, Heydər Əliyevin sürücüsü Vladimir Tupitsın və Heydər Əliyevin həkimi Aleksandr Borodkinin ümummilli lider barədə xatirələri yer alıb, onun müxtəlif sahələr üzrə səriştəsi, geniş dünyagörüşü, zəkası, intuisiyası, əməliyyat qabiliyyəti, iradə və qətiyyəti, insani keyfiyyətləri vurğulanıb.

Nəşrdə ümummilli liderin həmkarları, köməkçiləri və onun yaxın çevrəsində olanlar Heydər Əliyevi Azərbaycan SSR-in rəhbəri, istedadlı idarəçi və siyasətçi kimi xatırlayıblar, SSRİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsi, iqtisadiyyatın modernləşdirilməsi və təkmilləşdirilməsi, SSRİ-nin ən böyük infrastruktur layihəsi olan Baykal-Amur Magistralının tikintisinin uğurla həyata keçirilməsi ilə bağlı siyasətçi kimi rolundan danışıblar, bilavasitə onun iştirakı ilə SSRİ-də məktəb təhsili sistemində əsaslı islahatlar aparıldığını qeyd ediblər.

0.38898491859436