Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Platforma təsis edilib - FOTO

İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin tərəfdaşlığı ilə İndoneziyanın Borneo adasında keçirilən ətraf mühitin müdafiəsi sahəsində beynəlxalq simpoziumda “Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclik Platforması” təsis edilib.

“Report” xəbər verir ki, bununla əlaqədar, simpoziumun “Gənclərin Minalarla Mübarizəsi” mövzusu ətrafında beynəlxalq ekspertlər və ASEAN regionundan olan çoxsaylı gənc fəalların iştirakı ilə keçirilən iclasında müvafiq bəyanat qəbul edilib.

İclasda çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, Cənubda Dayanıqlı İnkişaf Komissiyasının direktoru Qayser Nəvab, İƏGF Avrasiya Regional Mərkəzin icraçı direktoru Vüsal Qurbanov, Bosnia-Hersoqovina Mülki Müdafiə Federal Agentliyin nümayəndəsi Majda Kovaç münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda yaradılan platformanın əhəmiyyətindən, onun perspektivlərindən bəhs ediblər.

İclasda çıxış edən ANAMA-nın departament müdiri Ramil Əzizov erməni işğalı dövründə Qarabağda yüzminlərlə minanın basdırılması, yalnız son iki ildə 300-dən çox Azərbaycan vətəndaşının minaların qurbanı olması, Ermənistan hökumətinin minaların yalnız iyirmi beş faizi haqqında xəritələrin Azərbaycana verilməsi barəsində ətraflı məlumat verib.

Borneo simpoziumunun nəticəsində yekdilliklə qəbul edilən “Gənclərin Minalarla Mübarizəsi” adlı bəyanatda BMT, İƏT və ASEAN kimi qurumların sülh və təhlükəsizlik prinsipləri əsas götürülərək, yeni təsis edilən platformanın beynəlxalq və regional təşkilatlarda mina qurbanlarının haqlarının qorunması məsələsinin qaldırılması əsas vəzifə kimi göstərilib. Eyni zamanda zərərçəkmiş mülki əhaliyə hüquqi yardımın göstərilməsi, həmçinin minalarla mübarizə sahəsində məlumatlılığın artırılması məqsədilə müvafiq təhsil proqramlarının həyata keçirilməsi də platformanın vacib fəaliyyət istiqamətin təşkil edəcək.

Bəyanatda Platformanın bu ilin payızınadək tam təşkilatlanması hədəf olaraq göstərilib.

0.46552991867065