Neft İxrac Edən Ölkələr Təşkilatının Beynəlxalq İnkişaf Fondu ilə görüş keçirildi - FOTO

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində baş tutmuş İslam İnkişaf Bankının 48-ci İllik Toplantısı çərçivəsində İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun (OFID) baş direktoru Əbdülhəmid Əl-Xəlifə ilə görüş keçirib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, görüş zamanı Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib və qarşıya qoyulmuş hədəflər çərçivəsində ölkəmizin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıqda maraqlı olduğu bildirilib, prioritet sahələrin inkişafı istiqamətində əlaqələrin genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Tədbirdə həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində əməkdaşlığın genişləndirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin potensialı və bu istiqamətdə ölkəmizin nəqliyyat habı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində layihələrin araşdırılması və KOB-ların dəstəklənməsi kimi məsələlər müzakirə edilib.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Fondun yüksək səviyyəli nümayəndə heyəti ölkəmizə rəsmi səfərə dəvət edilib.

0.57373809814453