Xəzər Teyyublu: “O ölkələrdə cəmiyyət güclü olur ki, insanlar öz haqlarını bilir, onu müdafiə etməyi bacarır”

Ölkənin sosial, ictimai, mədəni mənzərəsində müşahidə olunan qeyri-fövqaladə problemlərin insan amili ilə bağlı olduğu aksiomadır. Ekspertlər bu mənada çətinliklərin məhz insan amili üzərindən həlli yollarının tez bir zamanda mümkünlüyünü önə çəkir. Bunun üçün cəmiyyətin inkişaf prosesində ictimaiyyətin, vətəndaşın öz məsuliyyətini doğru-düzgün dərk edərək məsələlərə qanun, maddi-mənəvi-ruhi zərurətlər müstəvisində yanaşması, icra sisteminin düzgün və işlək olması tələbi ortaya çıxır. Sağlam Cəmiyyət insan - vətəndaşın vəzifəsindən, statusundan, dinindən, irqindən asılı olmayaraq insanların öz məsuliyyətini dərk edərək, özünün fəaliyyətini vicdanla, şərəf və ləqaqətlə icra etməsinə bağlıdırsa, o zaman bu sistem hansı halda tıxaclanır. Belə bir şəraitdə ictimai birlik və təşkilatların dövlət, vətəndaş, cəmiyyət quruculuğundakı rolu hansı əhəmiyyəti daşıyır.

Bir aydan çox olar ki, yaranan Müstəqil Həmkarlar Birliyinin bu yöndə əhəmiyyəti və rolu nə ola bilər?

Bu istiqamətdə Versus.Az-a müsahibə verən Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu bir çox məsələlərə aydınlıq gətirib.

- Xəzər bəy, Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi olaraq necə hesab edirsiz, bu gün sosial-ictimai-mədəni sferada cərəyan edən proseslərdə müşahidə olunan problemlərin həllinə nail olmaq üçün vətəndaşların özlərində nə dərəcədə aktivlik var. Vətəndaşın sosial-ictimai təşkilatlarla əməkdaşlıq mədəniyyəti necə formalaşıb?

 

- Müşahidələrimiz və rastlaşdığımız müəyyən məsələlər ilkin olaraq onu deməyə əsas verir ki, sosial, hüquq və ya digər problemlərlə üzləşən insanlar öz haqlarının bərpası üçün hara və necə müraciət etməyi bilmir. Yaxud, vətəndaşlarımız qarşılaşdığı həlli mümkün olan problemlərin hansısa məmur özbaşınalığı, yaxud hansısa səriştəsiz icraçı şəxslər, orqanlar tərəfindən yarandığını yaxşı anlasalar da, onu necə həll etməyin yollarını bilmirlər. Bir çox hallarda özləri də öz məsələlərinə biganə qalırlar. Əslində, burada ən əsas problem elə vətəndaşın öz haqlarını bərpa etmək üçün heç bir çaba göstərmək istəməməyidir, yaxud bir çox hallarda “küsərək” baş verənlərlə razılaşmasıdır. Sadə vətəndaşlar birinci növbədə anlamalıdır ki, bu dövlət, qanunlarımız, dövlətin bütün icra oqranları, hüquq, ədalət onun haqlarını qorumaq, yaxşı yaşamasını təmin etmək üçündür. Vətəndaş dövlət idarələrində oturan məmurlardan vəzifələrinə görə çəkinməli deyil, əksinə, haqqı olanı istəməlidir. Artıq ayrı-ayrı idarələr və onun işçiləri də öz vəzifə səlahiyyətlərini və vətəndaş qarşısındakı borcunu məsuliyyətini dərk etməlidir. Hər bir məmur bilməlidir ki, məhz vətəndaşları düşündürən, narahat edən məsələlərin həlli üçün onun təmsil olunduğu idarə və vəzifəsi var.

Bu mənada əslində bizim Müstəqil Həmkarlar Birliyi olaraq öhtəmizə kifayət qədər işlər düşür. Biz həm də çalışmalıyıq ki, şikayətçi insanlara öz haqqının müdafiəsi yollarını göstərək, onları maarifləndirək. Təbii ki, hər bir vətəndaş, dövlət orqanları arasında yaranan problemlərin sivil həlli gerçəkləşdikcə, insanlar öz haqlarını necə bərpa etməyin yollarını öyrənəcək. Bunun üçün də müəyyən layihələrlə, insanlarla sıx görüşlərin təşkil olunması ilə vətəndaşları maarifləndirmə işi də gedəcək. İnsanlar Hüququnu bilməli, haqqını qorumalıdır. Cəmiyyət bu məsələdə olduqca zəif görsənir. Lakin hamılıqla dərk etməliyik ki, o ölkələrdə cəmiyyətlər güclü olur ki, insanlar öz haqlarını bilir, onu müdafiə etməyi bacarır və hansı ünvana müraciət edəcəyini də bilirlər. Cəmiyyətin sağlam, güclü, təhlükəsizliyin təminatçısı olması üçün bizim kimi təşkilatların mütəmadi olaraq vətəndaşların arasında olması vacibdir. Dövlət onsuz da bütün strukturları ilə vətəndaşın yanında dayanır. Sadəcə insanların sosial-mədəni həyat fəaliyyətində istər-istəməz müəyyən həllini gözləyən problemlər də ortaya çıxır ki, məmurlar onun həllinə çalşmalıdır.

Siyasi partiyaları kənara qoysaq, biz ictimai sferada bu məsələləri birlikdə həll etməyə çalışırıq. Artıq Həmkarlar Təşkilatına şikayətlər daxil olmaqdadır və biz vətəndaşları qəbul edir, onların dərdini eşidir, həlli yollarını axtarırıq. Həmkarlar Birliyinin Qaynar xətti var və artıq ora kifayət qədər müraciətlər daxil olub. Amma hesab edirik ki, biz vətəndaşa balıq vermək deyil, onu necə tutmağı öyrətməliyik. Təbii ki, qeyd etdiyim kimi, bu da birgə işləməkdən, insanları maarifləndirmədən, onlarda özünə güvən yaratmaqdan, öz cəmiyyətini, dövlətini güclü, qüdrətli görmək ideyasından keçəcək.

 

- Necə hesab edirsiz, Müstəqil Həmkarlar Birliyi bu yolla vətəndaşın üzləşdiyi  problemləri nə dərəcədə azalda biləcək?

 

- Heç şübhəsiz ki, insanların həyat və fəaliyyət istiqamətində hər zaman hansısa bir problemlə üzləşəcəyi qaçılmazdır. Yəni, iş varsa, həyat varsa mütləq problemlər də olacaq. Lakin əsas məsələ insanların o çətinliklərə düşməməsi, düşərsə də asanlıqla oradan çıxarılmasıdır. Bu mənada vətəndaşın sosial, mədəni yükünün azaldılması üçün vətəndaş, vətəndaş cəmiyyətləri, ictimai birliklər zəif olmamalıdır. Bu gün əksər hallarda vətəndaş adi şikayət ərizəsi ilə məhkəməyə müraciət edə bilmir. Və yaxud işsizlik üzündən yaranan çətinlikləri bir kənara qoysaq, hələ də iş yerlərində işəgötürənlə işçi arasında həll olunmalı çox məsələlər var. Elə müəssisələr var ki, işçinin əməyi istismar olunur. Tutaq ki, adi marketlərdə işçilər 12 saata qədər işləyirlər. Amma gəlin araşdıraq görək, işçi ilə əmək müqaviləsi bağlanıbmı? Üstəlik, kiçik müəssisələrdə işçi ilə əmək müqavilələrinin bağlanmaması səbəbləri bir başqa məsələnin araşdırması, problemidir. Belə problemlər var, amma görünən budur ki, bu sahədə heç bir şikayət yoxdur. Bir çox halda işçinin özü də bu məsələnin üzərindən sükutla keçir. Bunun da bir çox səbəbləri var. Əgər dediyim kimi, maarifləndərmə düzgün gedərsə və hər kəs öz haqqını bilib onu qorumaq üçün çalışarsa, heç bir ictimai qurumun, nə də vətəndaşın üzərinə yük düşməz. Amma hələ ki, Həmkarlar Təşkilatının insanların yükünü azaltması məsələsindən danışmaq tezdir. Çünki bunun üçün vətəndaş-vətəndaş cəmiyyətləri, ictimai birliklərinin sıx əməkdaşlığı, bir sistem olaraq işlək olması lazımdır. Üstəlik insanlar hələ də həm şikayətlənməkdən qorxurlar, həm də müraciət etmə formalarını bilmirlər. Hər halda çoxluq şikayətçi olmaqla özünə əlavə “düşmən” qazandığını düşünür, beləliklə biganələşir. Bununla yanaşı Həmkarlar İttifaqı o zaman insanların sosial, mədəni yükünü azalda bilər ki, dövlət orqanları ilə də sıx əməkdaşlıq, əlaqəli şəkildə işlər görə bilsin. Hər halda bu istiqamətdə fəaliyyətimizi davam edirik.

 

- Bu günlərdə həmkarlar birliyi olaraq insanları Qocalar evlərinə ziyarət etməyə dəvət etdiniz. Belə aksiyalarla cəmiyyətə hansı mesajı, örnəyi verməyi düşünürsüz?

 

- Qocalar evləri, uşaq evləri həmişə ziyarət olunmalıdır. Əslində o ziyarətin içərisində o insanların yanında olub, onlara maddi-mənəvi dəstək verilməlidir. Bu, Dövlət Həmkarlar Konfederasiyasının birbaşa vəzifə borcudur. Amma Həmkarlar Konfederasiyasının bu istiqamətdə nə dərəcədə fəaliyyət göstərdiyini bilmirəm. Hər halda dövlətdən maliyyələşən Həmkarlar Konfederasiyasının belə yerlərə ziyarətini ifadə edən məlumatlarla rastlaşmamışam.

Müstəqil Həmkarlar Birliyi olaraq təklif edirik ki, qocalar evləri, uşaq evləri, əlillərin bərpa mərkəzləri ilə sıx əlaqələr yaradıb ictimaiyyətin diqqətini bu sahəyə yönəldək. Maraqlıdır, həmin evlərdə yaşayan insanların yaşam hüquqları necə qorunur, sakinləri o evlərdən razıdırmı, məmur özbaşınalığı o evlərə də sızıbmı və sair cavabını almaq istəyən kifayət qədər məsələlər var. Yetər ki, cəmiyyətimiz aktiv olsun və kimsəsiz uşaqları, qocaları tək qoymasınlar, onların yanında dayansınlar. Son vaxtlar sosial şəbəkələrdə uşaq evlərində, bağçalarda müəllim, tərbiyəçi, uşağlar, şagirdlər arasında yaranan insidentlərlə tez-tez rastlaşdıq. Hətta uşaq evlərindən birində baş verən belə bir hadisədə, “etiraz edən uşağın necə dəlixanaya salınması” faktı da var. Amma məsələ ictimai rezonans doğurandan sonra müdiriyyət işdən azad olundu.

Yəni bu kimi açıqda görünməyən problemlər var və biz çalışacağıq ki, səlahiyyətimiz, qanunlar çərçivəsində bu məsələləri çözək, ictimaiyyətin diqqətini yönəldək və birgə həllinə çalışaq.

 

- Azərbaycanda Həmkarlar İnstitutu nə dərəcədə aktivdir. Ümumiyyətlə, sovet sistemində daha qabarıq və işlək olan bu sfera bu gün əməkçiləri ətrafında toplaya bilirmi? Yeni reallıqlar, hans yenilikləri tələb edir?

 

- Qeyd etdiyim kimi, Azərbaycanda həmkarlar işi çox zəifdir, boşluqlar var. Amma nəzərə alaq ki, bu sahə üzrə ən böyük Konfederasiya da Azərbaycandadır. Təbii ki Konfederasiya əməkçilərin hüquqlarının müdafiəsində çox zəifdir. Eləcə də pensiyaların, müavinətlərin artmasında, iş saatının qanunla tənzimlənməsi, iş saatına uyğun olmayan maaşın tətbiqi və sair məsələlərlə bağlı hansı işləri gördüyü qaranlıqdır. Əslində, bunlar böyük problemlərdir. Təbii ki, bütün bunlarla Həmkarlar Konfederasiyası maraqlanmalıdır. Həmkarlar həm kollektiv müqavilə, həm də fərdi müqavilə bağlayıb işçilərin sosial haqqını müdafiə etməlidir. İşçi də Həmkarlar Təşkilatına güvənməlidir, öz haqlarının qorunması ilə bağlı ona etibar etməlidir. Amma əməkçi ilə həmkarlar təşkilatı arasında belə bir münasibət olmadığından ölkədə bir ətalət var. Həmkarlar Təşkilatının vəzifəsi işəgötürənlə işçi arasında əlaqə qurub, işçinin hüquqlarını müdafiə etməkdir. Əmək müqaviləsi düzgün yerinə yetirilməlidir və işçilərin əməyinin istismarına yol verilməməlidir.

Məsələn, biz Həmkarlar Konfederasiyasının hər hansı bir formada işçilərin müdafiəsi ilə bağlı hər hansı bir tədbir gördüyünü izləməmişik. Hökumətə sosial müdafiə ilə bağlı hansı təkliflər veriblər, mətbuatda belə məlumatlarla da rastlaşmamışıq. Lakin sosial sferada vətəndaş kifayət qədər haqsızlıqla üzləşdiyini ifadə edir. Qarabağ qazilərinə maddi-mənəvi dəstək lazımdır. Neçə-neçə qazi sağlığını bərpa etmədiyinə, işləyib dolana bilmədiyinə görə özünə qəsd edib. Dövlət təbii ki, belə insanlara qayğı göstərməlidir və buna çalışır. Lakin Həmkarlar Konfederasiyası, ictimai təşkilatlar da bu sahədə müştərək şəkildə işləməlidirlər. Belə insanları dövlətin qayğısına yönəltmək Həmkarların borcudur. Bu gün Həmkarlar Konfederasiyası ölkədə nə qədər işsizin olduğu barədə bir rəqəm deyə bilərmi? Ölkədə zavod, fabriklər yoxdur, gənclər institutu bitirəndən sonra iş tapa bilmir, kimlərsə yataq xəstəsidir, amma illərdir əlilliyini ala bilmir. Məgər aidiyyatı orqanlar, məmurlar bunları görmür? Bunlar böyük çətinliklərdir. Bununla yanaşı, Həmkarlar daha çox iş yerlərinin açılması üçün təkliflər verilməlidir. Həmkarlar hökumət qaqşısında çıxışlar eləməli, layihələr verməlidir. Hələ ki, bunlar görünmür.

 

- Müstəqil Həmkarlar İctimai Birliyi - ictimai şura, ictimai  fikrin formalaşdırıcısı kimi  sosial təfəkkürün inkişafında  katalizator rolunda çıxış edə biləcəkmi, gözləntiləriniz və gələcək perspektivi necə görürsüz?

 

- Heç şübhəsiz ki, belə bir vəziyyətdə Müstəqli Həmkarlar Birliyinin yaranması zərurəti ortaya çıxmalı idi. Çalışacağıq ki, təşkilatımızı işçilərin dürüst, güvənli, etibar etdiyi bir ünvanına çevrək. İnsanlar bizə müraciət etməyin peşimançılığını çəkməsinlər. Onların problemlərini həll etməyi bacaraq. Bunun üçün müəyyən maliyyə, əməkdaşlıq resursları lazımdır ki, bu xətt üzrə çalışır, müəyyən addımlar atırıq. Zaman bu işin öhtəsindən necə gəldiyimizi göstərəcək. Yetər ki, vətəndaşlar bizə müraciət etməkdən çəkinməsinlər. Biz onların problemlərini aidiyyatı orqanlar qarşısında qaldırıb, həllinə çağışacağıq. Düşünürəm ki, bu cür birgə əməkdaşlıq bütövükdə dövlətimizin güclənməsinə, insanlarımızın həyat şəraitinin yaxşılaşmasına, dövlətinə olan inamın, güvəncin daha da artmasına, bütövlükdə cəmiyyətimizin inkişafına zəmin olacaq.

Ümumən, düşünürəm ki, bu gün biz Müstəqil Həmkarlar təşkilatını yatmaqla ictimai sferada bir tərpənişə nail olmuşuq. Müstəqil Həmkarlar olaraq çalışacağıq ki, ictimaiyyətin hüquqlarının müdafiəsində onların yanında duraq.

 

Tahirə Qafarlı
Versus.Az

0.43498682975769