Avropa çempionatı: Azərbaycanın qrup komandası iki bürünc medal qazanıb - YENİLƏNİB + FOTO

Azərbaycanın gənclərdən ibarət qrup komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk günündə iki bürünc medal qazanıb.

“Report”un məlumatına görə, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv çoxnövçülük və 5 topla hərəkətlərdə fəxri kürsüyə qalxıb.

Qrup komandası 5 topla hərəkətlərdə hakimlərdən 31.200 xal alaraq, üçüncü yeri tutub. Kollektiv 5 iplə hərəkətlərdə isə 28.500 xal toplayaraq dördüncü olub.

Azərbaycan komandası təsnifatda 5 ip (29.450) və 5 topla (29.000) hərəkətlərin cəmində isə 58.450 xal alaraq bürünc medala layiq görülüb.

19:03

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının təntənəli açılış mərasimi olub.

“Report”un məlumatına görə, əvvəlcə iştirakçı ölkələrin bayraqlarının paradı keçirilib.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içilib. İspaniya Gimnastika Federasiyasının nümayəndəsi Monika Fornie Qarsia hakimlər, azərbaycanlı gimnast Güllü Ağalarzadə atletlər, Monteneqro yığma komandasının məşqçisi Vesna Podniç isə məşqçilər adından təntənəli şəkildə and içiblər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.

Avropa Gimnastikasının prezidenti, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov açılış mərasimində iştirakçıları təbrik edərək uğurlar arzulayıb. Azərbaycanın artıq beşinci dəfədir bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi etdiyini xatırladan F.Qayıbov ölkəmizdə gimnastikanın bu növü üzrə iki dəfə dünya çempionatının təşkil olunduğunu deyib. Bildirib ki, bir neçə gün əvvəl Beynəlxalq Gimnastika Federasiyası Şurası 2027-ci il dünya çempionatını yenidən ölkəmizə həvalə edib:

“Bu münasibətlə bütün gimnastikasevərləri təbrik edirəm. Yarışın yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya, yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkürünü bildirən F.Qayıbov qeyd edib ki, belə mötəbər yarışın keçirilməsində dövlətin qayğısı danılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev həmişə idmana və idmançılara böyük diqqət ilə yanaşır”.

İştirakçılara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib.

Daha sonra məşhur müğənni Vaqif Nağıyev Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

0.35568690299988